BAKI, 26 aprel - Sputnik. ABŞ-ın Nyu-York şəhərində yaşayan, milliyyətcə azərbaycanlı olan Natiq Qasımov koronavirusdan vəfat edib.
“Report”un məlumatına görə, o Nyu-Yorkun Bruklin əyalətindəki “Coney Island” hospitalında müalicə alırmış.
Mərhumun ailəsi ilə mütəmadi əlaqədə olan diaspor təmsilçisi Aqil Hüseynov bildirib ki, Natiq Qasımov bir neçə həftədir xəstəxanada müalicəsini davam etdirirmiş.
Onun sözlərinə görə, bundan əvvəl N. Qasımovla birgə yaşayan qızının həyat yoldaşı da COVID-19 infeksiyasına yoluxsa da, müalicə alaraq sağalıb:
“Müalicə müddətində Natiq Qasımovun vəziyyəti bir qədər yaxşılaşıb, daha sonra yenidən pisləşib. Hazırda mərhumun meyitinin Azərbaycana göndərilməsi üçün xəstəxanada sənədləşmə işləri aparılır, artıq iş yekunlaşmaq üzrədir”.
Hüseynov bildirib ki, cəsədin Azərbaycana yola salınması üçün mərhumun ailəsinə maddi kömək lazımdır.