CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ayağımızın altındakı koronavirus təhlükəsi - Əvvəl qorudular, indi yoluxdururlar

© Sputnik / Zulfiyya Guluyevaİstifadə edilmiş qoruyucu maska
İstifadə edilmiş qoruyucu maska  - Sputnik Azərbaycan
Abunə olmaq
İstifadə edilmiş tibbi maskalar əhali ilə yanaşı, küçələri təmizləyən təmizlik işçiləri üçün də təhlükədir.

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 26 aprel — Sputnik. Azərbaycanda koronavirusun yeni növü olan COVID 19-un aşkarlanmasından sonra demək olar ki, ölkə əhalisinin çoxu virusdan qorunmaq üçün tibbi maskalardan istifadə edir. Tibbi maskalardan kütləvi istifadə isə bu virusdan qorunmaqla yanaşı, virusun yayılmasına da imkan yaradıb. Sputnik Azərbaycan istifadə olunmuş tibbi maskaların yaratdığı problemi araşdırıb.

Bakının mərkəzi rayonlarından olan Səbail rayonu Bibiheybət qəsəbəsində Mənzil-Kommunal İstismar Sahəsinin təmizlik işçiləri hər gün küçələri təmizləsə də, küçələr istifadə edilmiş tibbi maskalarla doludur. Məsələn, Salyan yolu döngə 22 ünvanında küçələrdə çoxlu sayda istifadə edilmiş tibbi maskalara rast gəldik. İstifadə edilmiş tibbi maskaları külək əksər hallarda küçələrin künclərinə doldursa da, yoların ortasında da bu cür maskalara rast gəlmək mümkündür. Müxtəlif rəngdə olan maskalar əsl təhlükə mənbəyi olsa da, onların istifadədən sonra insanlar tərəfindən küçələrə atılması bu cür arzuolunmaz mənzərə ortaya çıxarıb. Qeyd edək ki, istifadə edilmiş tibbi maskalar əhali ilə yanaşı, küçələri təmizləyən təmizlik işçiləri üçün də təhlükədir.

© Sputnik / Zulfiyya Guluyevaİstifadə edilmiş qoruyucu maska
Ayağımızın altındakı koronavirus təhlükəsi - Əvvəl qorudular, indi yoluxdururlar - Sputnik Azərbaycan
İstifadə edilmiş qoruyucu maska

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentindən Sputnik Azərbaycan-ın sorğusuna cavabda bildirdilər ki, belə maskalar təmizlik işçiləri tərəfindən küçələrin təmizlənməsi zamanı hər gün yığılır: "Çox təəssüf ki, insanlar istifadə etdikləri tibbi maskaları açıq şəkildə küçəyə atırlar. Təmizlik işçiləri küçələri süpürərkən hər gün belə maskaları xüsusi ayrılmış torbalara yığaraq təmizlik üçün ayrılmış bokslara atırlar. Amma son vaxtlar koronavirusa görə bu maskalardan kütləvi istifadə, tibbi maskaların tullantısı hallarını da artırıb. İnsanlar bu hərəkətləri ilə hər kəsin həyatı üçün risk yaradırlar. Bu virusun yayılmasına şərait yaradır. Ona görə də, biz vətəndaşlardan xahiş edirik ki, tibbi maskaları istifadədən sonra küçəyə, ayaq altına açıq şəkildə atmasınlar. Təmizlik işçilərinin hər biri əlcək və tibbi maska ilə təmin olunublar. Onlar küçələrdəki tibbi maskaları yığarkən əlcəkdən istifadə edirlər. Daha sonra isə həmin tullantılar bokslara atılaraq utilizasiya olunur, yaxud da yandırılması üçün Balaxanıya göndərilir".

"Təmiz Şəhər" ASC-nin mətbuat katibi Elmar Məlikov Sputnik Azərbaycan-a bildirdi ki, onlara tibbi tullantılar yalnız TƏBİB tərəfindən təhvil verilir. Onun sözlrinə görə, koronavirus epidemiyasının yayılmasının qarşısının alınması məqsədilə Respublika ərazisində fəaliyyət göstərən xəstəxana və müvəqqəti yaradılan düşərgələrdə formalaşan təhlükəli tibbi tullantıların qanunvericiliyə uyğun idarə olunmasına nəzarət edilir.

© Sputnik / Zulfiyya Guluyevaİstifadə edilmiş qoruyucu maska
Ayağımızın altındakı koronavirus təhlükəsi - Əvvəl qorudular, indi yoluxdururlar - Sputnik Azərbaycan
İstifadə edilmiş qoruyucu maska

E. Məlikov bildirib ki, TƏBİB-dən başqa onlara Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən tibbi tullantı daxil olmur.

Qeyd edək ki, Bakı şəhərinin inzibati ərazisində əmələ gəlmə mənbəyindən asılı olmayaraq, bütün bərk məişət tullantılarının daşınması və zərərsizləşdirilməsini Bakı şəhər İcra Hakimiyyəti Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamentinin İxtisaslaşdırılmış Sanitariya – Təmizlik və Kommunal Xidmətlər İdarəsinə həvalə edilib. Bakı Şəhər İcra Hakimiyyətinin Başçısının müvafiq sərəncamı ilə Bakı şəhərinin ərazisində əmələ gəlmə mənbəyindən asılı olmayaraq bütün bərk məişət tullantılarının mərkəzləşdirilmiş qaydada yığılması, daşınması və zərərsizləşdirilməsi üçün müvafiq müəssisəyə təhvil verilməsi, bu xidmətlərlə bağlı fiziki və hüquqi şəxslərlə müqavilələrin bağlanması və sanitariya-təmizlik tədbirləri çərçivəsində digər işlərin görülməsi "Kommunal Xidmətlər Müəssisəsi" Məhdud Məsuliyyətli Cəmiyyətinə həvalə olunub. Odur ki, sualımızı da məhz bu quruma ünvanladıq.

"Kommunal Xidmətlər Müəssisəsi" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqşunası Yalçın Məhərrəmov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, onlar ancaq konteynerlərə yığılan tullantıları daşıyırlar: "Biz konteynerlərdəki tullantıları maşınlara boşaldaraq "Təmiz Şəhər" ASC-nin üç poliqonundan birinə aparırıq. Zibil konteynerlərində isə tullantılar çeşidlənmir. Biz konteynerə nə atılıbsa onu ümumi şəkildə poliqona təhvil veririk. Bizim iki avtomobilimiz məhz xəstəxanalardan tibbi tullantıların daşınması üçün ayrılıb".

© Sputnik / Zulfiyya Guluyevaİstifadə edilmiş qoruyucu maska
Ayağımızın altındakı koronavirus təhlükəsi - Əvvəl qorudular, indi yoluxdururlar - Sputnik Azərbaycan
İstifadə edilmiş qoruyucu maska

Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Sahəsinin Fizuli adlı mühəndisi isə Sputnik Azərbaycan-a bildirib ki, təmizlik işçiləri tərəfindən istifadə olunmuş tibbi maskalar aşkarlanarkən məhv edilir: "Təmizlik işçiləri bu tibbi maskaları məhv edirlər ki, təkrar kimlərsə onu yuyub istifadə etməsin. Belə tibbi maskalar yararsız hala salınır, məhv edilir".

Apardığımız kiçik araşdırma zamanı məlum oldu ki, tibbi maskalar tibbi tullantı olmadığından, xüsusi qaydada utilizasiyası həyata keçirilmir. Hər bir Mənzil-Kommunal İstismar İdarəsi fərdi qaydada istifadə edilmiş tibbi maskaları zərərsizləşdirir.

© Sputnik / Zulfiyya Guluyevaİstifadə edilmiş qoruyucu maska
Ayağımızın altındakı koronavirus təhlükəsi - Əvvəl qorudular, indi yoluxdururlar - Sputnik Azərbaycan
İstifadə edilmiş qoruyucu maska

Səbail rayonu Mənzil-Kommunal Təsərrüfatı İdarəsindən bildirdilər ki, koronavirusun yayılmasından sonra İdarəyə bununla bağlı xüsusi tapşırıq verilib. Artıq bir neçə aydır ki, bu tullantılar xüsusi ayrılmış sallofan torbalara doldurularaq yandırılır.

Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayev isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, istifadə edilmiş tibbi maskaların açıq şəkildə tullanması düzgün deyil: "Hazırda koronavirus pandemiyası ilə bağlı virusun yayılma riski var. Yaxşı olar ki, insanlar bu maskaları istifadə etdikdən sonra, sallofan torbaya qoyub, yaxud da qapalı zibil qablarına atsınlar. Əks halda külək bu cür maskaları ətrafa yaya bilər".

C. İsayev bu maskalardan təkrar istifadənin daha böyük təhlükə yaratdığını bildirib. Onun sözlərinə görə, belə tibbi maskalar tibbi tullantı hesab olunmasa da, onların yığılaraq yandırılması daha məqsədəuyğundur. Çünki, bu maskadan koronavirusa yoluxmuş insanların da istifadə etməsi halı ola bilər.

Xəbər lenti
0