Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 24 aprel — Sputnik. "Koronavirus geri qayıda bilərmi?" sualı çox verilir. Qeyd edim ki, bu gün belə xəstələr arasında vəziyyəti yaxşılaşdıqdan sonra da onlarda pozitiv nəticələrin əldə olunması müşahidə edilib. Anticisimlər eyni xəstəliyə qarşı yenidən qoruyacaqmı? - bu sualla bağlı hələlik ki, dəqiq bir şey deyə bilmərik". Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə ÜST-ün Bakı ofisinin rəhbəri Hande Harmançı bu gün jurnalistlər üçün təşkil olunan virtual konfransda deyib.
O həmçinin virusun nə zaman başa çatacağı barədə də danışıb: "Bu daha çox ilk peyvəndin nə zaman ortaya çıxmasından, dünyada insanların bu xəstəliyə qarşı immunitet qazanmasından asılıdır. Dərman, peyvənd tapa bilsək, təbii ki, daha tez mübarizəni başa çatdıra biləcəyik. Amma bir daha vurğulayıram ki, bu, yeni bir dünyadır və bəzi vərdişlərdən əl çəkmiş olacağıq".
H.Harmançı ÜST tərəfindən atılan digər addımlardan da bəhs edib: "Biz həmçinin bu xəstəliklə əlaqədar olaraq ayrı-seçkiliyi də aradan qaldırırıq. Bundan başqa, qeyd edim ki, ÜST pandemiya dövründə psixi sağlamlıq üçün təlimat hazırlayıb. Biz tərəfaşlarımızla birgə uşaqlar üçün kitab ərsəyə gətirmişik. Yaxın günlərdə kitabın Azərbaycan dilində versiyası hazır olacaq".
H.Harmançı ÜST-ün maliyyə problemlərinin olub-olmaması ilə bağlı suala da aydınlıq gətirib: "Bildiyiniz kimi, ÜST-ün 194 üzv ölkəsi var. Hər il bu ölkələr illik olaraq əhalinin sayı da nəzərə alınmaqla ÜST-ə vəsait ödəyir. Bundan əlavə də Almaniya kimi ölkələr var ki, müxtəlif proqramlar üçün ÜST-ə vəsait ayırır. Onu qeyd edim ki, hazırda biz Bakıda işimizi görmək üçün lazımi vəsaitə sahibik".