BAKI, 24 aprel — Sputnik. Birləşmiş Ştatlar gələcəkdə borclarının silinməsi zamanı inkişaf etməkdə olan ölkələrdən Çin qarşısında götürdükləri borc öhdəliklərini açıqlamağı tələb etməlidir. Sputnik Azərbaycan "Reuters"-ə istinadən xəbər verir ki, bu barədə bir qrup amerikalı senator məktub hazırlayıb.
G20 və Paris Kreditorlar klubu ötən həftə ilin sonuna qədər COVİD-19 pandemiyası ilə bağlı yaranan böhran şəraitində kasıb ölkələrə borc öhdəlikləri üzrə ayrılan ödənişləri dayandırıb.
16 senatorun ABŞ Dövlət Departamentinin Baş katibi Mayk Pompeo və Maliyyə naziri Stiven Mnuçinə göndərdiyi məktubda qeyd olunur ki, Çinin ölkələrə ayırdığı əksər kreditlər müvafiq şərtlərin açıqlanmaması qaydası ilə verilib. İnkişaf edən ölkələrin Çindən götürdüyü bütün kreditlərin təxminən 50%-i Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və ya kredit-reytinq agentliklərinin statistikasında yer almır.
"Bunlar olmadan isə ABŞ-ın və digər qərb ölkələrinin vergi ödəyiciləri faktiki olaraq Çinin maliyyə institutlarını xilas edəcək və Çinin borc tələsi diplomatiyasını gücləndirəcək".