Musa Muradlı, Sputnik Azərbaycan
BAKI, 23 aprel — Sputnik. Koronavirus pandemiyasına görə elan olunan karantin rejimində cəmiyyətin ehtiyaclarını, insanların rifah halını nəzərə almaqla bir çox istehsal, xidmət sahələrində çalışanların hərəkətinə icazə verilib. Bunların sırasında kənd təsərrüfatı işçiləri də var.
Bazarların qida məhsullarına, ən çox da immuniteti artırmaq qabiliyyəti ilə ajiotaja səbəb olan tərəvəzlərə olan tələbatını ödəmək üçün kənd təsərrüfatı işçilərinin məsuliyyəti bir az da artıb. Bəzi məhsullar, xüsusilə də soğan qiyməti artanlar sırasındadır. Belədə sual yaranır: soğanın bu "bəyliyi" nə vaxtadək davam edəcək, özümüz özümüzü mətbəximizin vazkeçilməz komponenti ilə təmin edə biləcəyikmi?
Öyrəndik ki, bu günlərdə Bərdə rayonunda soğan yığımına başlanılıb. Qaradəmirçi kənd sakini, fermer Rafiq Qarazadə Sputnik Azərbaycan-a bildirib ki, soğan əkib-becərməklə 10 ildən çoxdur ki, məşğul olurlar. Bu il də bol məhsul yetişdirməyə nail olublar: "Soğan bütün əkinlərdən çox zəhmət və vəsait tələb edir. Doqquz ay ərzində alaq otlarından təmizlənir, suvarılır, dərmanlanır. Çətinlikləri olmasına baxmayaraq biz layiqincə bu işin öhdəsindən gələ bilirik".
"Soğan yetişdirilməsi xeyli vəsait tələb edir. Bir hektar əraziyə əkilən soğanın yetişdirilməsi üçün 3-4 min manat xərcləməli oluruq. Amma qoyulan vəsaiti götürə bilirik. Bazara çıxarılan məhsul satılanda gəlir əldə edirik", - deyən Rafiq Qarazadə ildən-ilə təcrübə yığaraq məhsuldarlığın inkişafına nail olduqlarını bildirib. - "Təcrübəmiz artdıqca məhsulumuz çoxalır. Ötən il hər hektara görə 50-55 sentner məhsul götürdüyümüz halda, bu il bu rəqəm 60-65 sentner arasında dəyişə bilər".
Fermerlə söhbət zamanı məlum olur ki, soğanın becərilməsində əsasən əl əməyindən istifadə olunur. Əllə yığılan soğan bir-bir kəsilərək kök yumrusu ilə yaşıl gövdəsindən ayrılır. Təmizlənən soğan kisələrə qablaşdırılır. Ümumi işin görülməsi üçün 100-150 işçinin əməyindən istifadə edilir. Soğan becərib toplayan işçilər gündəlik 10 manatla 20 manat arasında ailələri üçün pul qazana bilirlər.
Fermer dövlətin kənd təsərrüfatına göstərdiyi dəstəyi razılıqla qeyd edir. Karantin rejimində kənd təsərrüfatı işçilərinə yaradılan şəraiti də bu dəstəyin bariz nümunəsi adlandırır.
Karantin rejimi fermerin işinə hər hansı əngəl də yaratmayıb. İşçilər yaxınlıqda yaşadıqlarından nəqliyyatdan istifadəyə ehtiyac qalmır. Evlərindən çıxan kənd adamları yaxın məsafə qət eləməklə işlərinin başında olurlar.
Qeyd edək ki, "Qarabağ-Aran Soğan İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyi təsis olunub. İndi soğanın bazarlara çıxarılmasında fermerlər daha faydalı məsləhət və dəstək ala biləcəklər. Bol olan, əldə qalıb çürüməyən, gəlir gətirən məhsul isə satıcı ilə yanaşı, alıcıya da sərf edəcək.