CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda daha bir həkim COVID-19-a yoluxdu: "Həyat yoldaşımla eyni palatada qalırıq"

© Photo : Facebook / Yazgul Abdiyeva Namiq Nəbiyev
 Namiq Nəbiyev - Sputnik Azərbaycan
Abunə olmaq
"Biz həkimik, bu virusa görə risk qrupu sayılırıq. Amma işimiz tələb edir ki, sağlamlığımızı təhlükəyə atsaq da, xəstələri müalicə etməliyik"

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 24 aprel — Sputnik. Azərbaycanda koronaviruslu xəstələri müalicə edən həkim Namiq Nəbiyev COVID-19-a yoluxub. Sputnik Azərbaycan-a bu barədə “Sağlamlığın qorunması” İctimai Birliyinin sədri, həkim-oftalmoloq Yazgül Abdıyeva məlumat verib. O bildirib ki, Namiq Nəbiyev ilk gündən koronavirusla mübarizəyə qoşulanlar sırasındadır: "Namiq Nəbiyev 3 saylı Şəhər Klinik Xəstəxanasının İnfeksion şöbəsinin müdiridir. Fevral ayından başlayaraq Qobustan, Neftçala, Cəlilabad, Astara, Biləsuvar rayonunda və Olimpiya kəndində karantin xəstəxanalarında xidmət göstərən, həmçinin Bakı və Bakıətrafı rayon xəstələrinin infeksion qəbulu şöbəsində aktiv çalışan həmkarlarımızdan biri, doktor Namiq Nəbiyev koronavirusa yoluxub. O, hazırda Azərbaycan Tibb Universitetində müalicə alır. Gecə-gündüz virusla mübarizəyə qoşulan dəyərli həmkarımıza cansağlığı arzulayırıq".

© Photo : Facebook / Yazgul Abdiyeva Namiq Nəbiyev
Azərbaycanda daha bir həkim COVID-19-a yoluxdu: Həyat yoldaşımla eyni palatada qalırıq - Sputnik Azərbaycan
Namiq Nəbiyev

Qeyd edək ki, N.Nəbiyevin həyat yoldaşında da COVID-19 testinin nəticəsi pozitiv çıxıb. Onun həyat yoldaşı 3 saylı Şəhər Klinik Xəstəxanasının Qanköçürmə şöbəsinin müdiridir.

N.Nəbiyev hazırda xəstəxanada olsa da, Sputnik Azərbaycan-a açıqlama verib. O bildirib ki, aprel ayının 18-də özünü pis hiss edib:

"Gördüm ki, məndə halsızlıq var. Aprelin 20-də Referans Klinik Laboratoriya Mərkəzində analiz verdim. Həyat yoldaşımda da eyni simptomlar özünü büruzə verdiyindən, o da analiz verdi. Hər ikimizdə pozitiv çıxdı. Hazırda ikimiz də ATU-da eyni palatadayıq, müalicə alırıq. Mənim bu gündən temperaturum qismən aşağı enib".

N.Nəbiyev bildirib ki, özünün və həyat yoldaşının 52 yaşı var. Onların ailə üzvləri də analiz olunublar. Müayinənin nəticəsi neqativ çıxıb: "Bir az təngnəfəslik, halsızlıq var. Amma müalicə alırıq, şükür, hər şey yaxşıdır. Bizə görə narahat olanlara da təşəkkür edirəm. Biz həkimik, bu virusa görə risk qrupu sayılırıq. Amma işimiz tələb edir ki, sağlamlığımızı təhlükəyə atsaq da, xəstələri müalicə etməliyik. Həkim həmkarlarıma da təşəkkür edirəm ki, bu çətin günlərdə işlərinin öhdəsindən layiqincə gəlirlər".

Xəbər lenti
0