Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 23 aprel — Sputnik. Koronavirus pandemiyası öz təsirini ali məktəblərə qəbul imtahanlarında da göstərəcək. Bu dəfə koronavirus təkcə imtahanların keçirilmə tarixinə deyil, imtahan suallarına da təsir edəcək.
Belə ki, builki ali məktəblərə qəbul imtahanlarında biologiya fənninin daxil olduğu qruplarda koronavirusla bağlı suallar da salınacaq. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib ki, bu il IV ixtisas qrupu üzrə keçiriləcək imtahanlarda koronavirusla bağlı sual olacaq. O bildirib ki, bu məsələlər yenə də müzakirə olunacaq: “Hər bir imtahanın tarixi elan olunanda bütün detallar təsdiqlənəcək” .
Qeyd edək ki, M.Abbaszadənin səsləndirdiyi bu fikir cəmiyyətdə birmənalı qarşılanmayıb. Hazırda abituriyentlər dərslikdə olmayan bu mövzunun suallarını imtahanda necə cavablandıracaqlarını düşünürlər.
Sputnik Azərbaycan koronavirusla bağlı dərsliklərdə olmayan mövzunun ali məktəblərə qəbul imtahanlarında salınmasının nə dərəcədə düzgünlüyünü araşdırıb.
Uzun illərdir ki, “Biologiya” dərsliklərinin müəllifi olan Almaz Həsrət bunun düzgün olmadığını söyləyib. O deyib ki, M.Abbaszadənin bu fikri, abituriyentlərdə gərginlik yaradıb: “Hazırda çox həssas bir dövrdəyik. Virusa görə tədris də dayandırılıb. Belə bir vaxtda imtahan suallarına dərslikdə olmayan mövzunun salınacağının Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri tərəfindən səsləndirilməsi gərginliyə səbəb olub. M.Abbaszadə dəfələrlə bəyan edib ki, imtahan suallarına dərslikdən kənar mövzular salına bilməz. Belə halda onun bu fikri səsləndirməsi öz dediyini inkar etməkdən başqa bir şey deyil. Heç bir halda dərslikdə olmayan mövzu imtahan sualına salına bilməz”.
A.Həsrət deyir ki, “Biologiya” dərsliklərində virusla bağlı mövzular var: “Dərsliklərdə virus, virusun növləri barədə məlumatlar var. Amma koronavirus, onun xüsusiyyətləri barədə ayrıca mətn yoxdur. Belə halda abituriyentin bu sualı cavablandırması da mümkün deyil”.
Təhsil Nazirliyi yanında Təhsil Şurasının sədri Şahlar Əsgərov da dərslikdə olmayan mövzuların imtahan suallarına salınmasının düzgün olmadığı qənaətindədir: “İmtahan keçirilən dərslərin necə mənimsənildiyini qiymətləndirmək üçün keçirilir.
Təhsil üzrə ekspert Kamran Əsədov da bildirib ki, bütün növ imtahanlarda qiymətləndirmədə verilən suallar dərslikləri əhatə etməlidir: “Dərslikdə olmayan ifadə, termin, faktdan test tapşırığı tərtib edilə, orta məktəb bazasından imtahanda iştirak edən şəxslərə təqdim edilə bilməz. Qəbul və buraxılış imtahanlarında imtahan iştirakçılarına təqdim edilmiş test tapşırıqları orta məktəb dərsliklərində keçirilmiş mövzulardan olmalıdır. Bu bir tələbdir. Heç kim orta məktəb proqramından kənar mövzudan, termin və ifadədən qəbul imtahanında test tapşırığı tərtib edə bilməz, o termindən istifadə edə bilməz. 10 sinif “Biologiya” kitabında 3-cü bölmə olan epidemologiya bölməsində 9 paraqraf, 26 səhifə viruslar və bakteriyalara ayrılıb. Orada müxtəlif növ viruslar barədə məlumat verilib. Məhz qəbul imtahanlarında bu mənbədən istifadə oluna bilər. Bundan kənar isə heç bir mənbədəki məlumatı test sualı etmək olmaz. Bəli, viruslardan test tapşırığı salına bilər. Amma bu orta məktəb kitablarında proqrama salınmış viruslardan ola bilər. Əgər dərsliklərdə koronavirusla bağlı məlumat yoxdursa, ondan test tapşırığı tərtib etmək, imtahan iştirakçısına təqdim etmək olmaz”.