Xalid Məmmədov, Sputnik Azərbaycan
BAKI, 23 aprel — Sputnik. Rusiya hökuməti əmək fəaliyyəti haqqında məlumatların elektronlaşdırılması barədə qanun layihəsi hazırlayıb. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə ölkənin Nazirlər Kabineti məlumat yayıb.
Yaxın vaxtlarda sənəd təsdiq olunmaq üçün Dövlət Dumasına təqdim olunacaq. Qanun layihəsinin qəbulundan sonra Rusiyada dövlət xidmətlərinə çıxışla bağlı prosedurların sadələşdiriləcəyi, işəgötürənlərin Rusiya Federasiyasının Təqaüd Fonduna işçilərin əmək fəaliyyəti barədə məlumatları tam şəkildə təqdim edəcəyi gözlənilir.
Qeyd edək ki, Əmək Məcəlləsinə əsasən, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. İşəgötürən 5 gündən artıq işləyən bütün işçilərin əmək kitabçasında onların işə qəbul edilməsi, başqa daimi işə keçirilməsi, əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydləri yazmalıdır.
Bu gün əmək kitabçalarının elektronlaşdırılması vacib məsələdir. Bəs hazırda Azərbaycanda əmək kitabçalarının elektronlaşdırılması ilə bağlı vəziyyət necədir və ölkəmizdə də belə bir qanun layihəsinin hazırlanmasına ehtiyac varmı?
Milli Məclisin əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov Sputnik Azərbaycan-a açıqlamasında deyib ki, artıq əmək müqavilələri elektron olduğuna görə məlumatların elektronlaşdırılması həyata keçirilir: "Azərbaycanda əmək kitabçalarının elektronlaşdırılması ilə bağlı proses başlayıb, çünki əmək müqavilələri elektron şəkildədir. Əmək müqavilələri elektron olduğuna görə artıq məlumatların elektron bazada formalaşması və elektron baza vasitəsilə digər dövlət qurumları ilə bölüşdürülməsi həyata keçirilməyə başlanıb. Yəni bu istiqamətdə artıq proses başlayıb. Azərbaycanda da məqsəd ondan ibarətdir ki, əmək kitabçalarının və bütövlükdə əmək fəaliyyəti ilə bağlı məlumatların tam elektronlaşdırılması həyata keçirilsin".
O bildirib ki, nəticə etibarı ilə elektronlaşdırma məlumatlara çıxış imkanlarının asanlaşdırılmasına imkan verir: "Eyni zamanda bu addım sosial öhdəliklər daxil olmaqla bir sıra öhdəliklərin, o cümlədən sosial kapitalın hesablanmasını asanlaşdırır. Məlumatların elektron olması vətəndaşın pensiya hüququnun və eləcə də pensiya yaşı tamam olan zaman alacağı pensiya məbləğinin daha dəqiq və öncədən hesablanmasına imkan verir. O baxımdan hazırda əmək kitabçalarının elektronlaşdırılması Azərbaycan üçün də prioritet məsələdir".
"Amma nəzərə alsaq ki, Azərbaycanda pensiya islahatları bir neçə mərhələyə bölünür, o cümlədən 2006-cı il yanvarın 1-dək olan dövrə. 2006-cı il yanvarın 1-dək olan dövrdə əmək kitabçaları elektron deyildi, yəni kağız əmək kitabçalarından istifadə olunurdu. Hazırda pensiya yaşı tamam olanların böyük bir qismi keçmiş Sovet dövründə iş fəaliyyəti qurub, işləyib və onların əmək kitabçaları kağız formasında olub. Ona görə də bu, texniki baxımdan müəyyən çətinliklər yaradır", - deyə deputat qeyd edib.
Millət vəkili bildirib ki, amma hazırda işləyən və işini davam etdirən vətəndaşlarımız üçün əmək müqaviləsi elektron olduğuna görə artıq bütün məlumatlar, o cümlədən sosial ödənişlə bağlı məlumatlar elektron bazaya daxil edilir: "Bu da vətəndaşın pensiya və pensiya məbləği ilə bağlı hüquqlarının qorunması baxımından vacibdir. Bu addım eyni zamanda pensiya və digər ödənişlər ilə bağlı qərarın daha çevik verilməsinə xidmət edir".
Onun sözlərinə görə, Azərbaycanda əmək kitabçalarının elektronlaşdırılması ilə bağlı ayrıca qanun layihəsinin hazırlanmasına ehtiyac yoxdur: "Çünki Əmək Məcəlləsində və eyni zamanda elektron xidmətlər ilə bağlı qanunvericilikdə bu tip proseslərin elektronlaşdırılması nəzərdə tutulub və artıq həyata keçirilir. O baxımdan xüsusi bir qanunun qəbul edilməsinə ehtiyac yoxdur. Amma bütün əmək kitabçalarının elektronlaşdırılması texniki baxımdan vaxt aparır. Lakin bütövlükdə yaxın illərdə bu prosesin tamamlanması mümkün olacaq".