BAKI, 23 aprel — Sputnik. COVID-19 pandemiyasının yaratdığı böhranın öhdəsindən gəlmək üçün sərt qərarlar lazımdır. Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Angela Merkel bildirib.
"Mən əminəm ki, bu dramatik böhrana qalib gəlmək üçün sərt məhdudiyyətlər lazımdır", - deyə Merkel vurğulayıb.
Kanslerin sözlərinə görə, Almaniya vətəndaşları son həftələr "intizam və səbr" nümayiş etdiriblər və virusun yayılmasının yavaşıdılmasına nail olunub: "Biz vaxt qazandıq və bu qiymətli vaxtı bizim səhiyyə sistemimizin möhkəmləndirilməsinə sərf etdik”.
Qeyd edək ki, bu günə olan məlumata görə, dünyada koronavirusa yoluxanların sayı 2 697 990-a çatıb.
Məlumata əsasən, virusa yoluxmuş 189 134 nəfər vəfat edib, 740 396-sı isə sağalıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də virusun törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.