BAKI, 23 aprel — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BMT-nin İnkişaf Proqramının (BMTİP) birgə icra etdiyi "Əhalinin sosial cəhətdən həssas qrupları üçün inklüziv və layiqli iş yerlərinin yaradılması" layihəsi çərçivəsində əlilliyi olan şəxslər üçün kiçik bizneslərin qurulmasına başlanılıb.
Sputnik Azərbaycan-ın məlumatına görə, ilk mərhələ kimi Şəmkir rayonunda əlilliyi olan şəxslərə arıçılıq üzrə kiçik bizneslərini qurmaları üçün aktivlər (arı ailələri, zəruri ləvazimatlar) verilib. Yaxın günlərdə Şamaxı, Zaqatala rayonları və Sumqayit şəhərində də bu proses davam etdiriləcək.
Layihə üzrə 500 nəfər əlilliyi olan şəxsin kiçik biznesə çıxışına şəraitin yaradılması nəzərdə tutulub. Pilot layihələrin icrası üçün 12 şəhər və rayon müəyyən edilib. Həmin bölgələr üzrə işsiz kimi qeydiyyatdan keçmiş, əlilliyi olan şəxslər arasından layihənin iştirakçılarının seçimi aparılıb.