BAKI, 22 aprel — Sputnik. Təhsil Nazirliyi tərəfindən hazırlanmış elektron dərsliklər və əlavə video dərslər "Virtual məktəb" portalına inteqrasiya edilib.
Sputnik Azərbaycan Təhsil Nazirliyinin məlumatına istinadla xəbər verir ki, portalın funksionallığı genişləndirilərək qeyd olunan imkanlarla bərabər görüntülü və audio dərslərin keçirilməsi, teledərslərin izlənilməsi, tədris cədvəlinin tutulması, şagird və müəllim qruplarının təşkili, sənədlərin üzərində birgə iş, həftəlik tapşırıqların həll edilməsi, o cümlədən şagird və müəllimlər arasında yazışma imkanları təqdim edilib.
Elektron dərsliklərdən faydalanmaq üçün platforma istifadəçiləri "Teams" bölməsindən fənn kanalını seçməlidirlər. Mobil tətbiq istifadəçiləri əlavə olaraq More/Daha çox/Больше xidmətindən istifadə edə bilərlər.
Əlavə video dərsləri izləmək və yaxud test tapşırıqlarını yerinə yetirmək üçün isə "Teams > General" bölməsində müvafiq olaraq "Video resurslar" və ya "Testlər" altbölmələrinə daxil olmaq lazımdır. Mobil tətbiq istifadəçiləri də əlavə olaraq More/Daha çox/Больше xidmətindən istifadə edə bilərlər.