BAKI, 22 aprel - Sputnik. "Marşal Kim Çen In dərin meditasiyadadır".
Sputnik Azərbaycan bildirir ki, bu xəbəri Şimali Koreya Xalq Respublikasının rəsmi xəbər agentliyi DPRK News Service sosial şəbəkədə yayıb.
Marshal Kim Jong-Un said to be in deep meditation.
— DPRK News Service (@DPRK_News) April 22, 2020
Xatırladaq ki, ABŞ Şimali Koreya lideri Kim Çen Inın əməliyyatdan sonra kritik vəziyyətdə olduğuna dair daxil olan kəşfiyyat məlumatlarını araşdırır.
Kim Çen In aprelin 15-də babası Kim İr Senin doğum günü ilə bağlı tədbirdə iştirak etməyib, bu isə onun səhhəti ilə bağlı bir sıra şübhələrə səbəb olub. Bundan dörd gün əvvəl o, hökumət iclasında iştirak edib.
Cənubi Koreyada yerləşən və Şimali Koreya haqqında məlumatlar verən "Daily NK" onlayn nəşri Kim Çen Inın aprelin 12-dən etibarən dəfələrlə ürək-damar sisteminin müalicəsi ilə bağlı prosedurlardan keçdiyini bildirib. Məlumata görə, həddindən artıq siqaret çəkmək, artıq çəki və normadan artıq işləmə səbəbindən Kim Çen Ina müalicə lazım olub.
Bu arada Yonhap agentliyi Cənubi Koreya hökumətindəki mənbələrə istinadən xəbər verir ki, Kim Çen Inın səhhətində ciddi problemlərin olduğu haqqında xəbərlər həqiqətə uyğun deyil.
Bu gün isə xəbər yayılıb ki, Şimali Koreya 2019-cu ildən bəri hakimiyyətin ötürülməsinə dair fövqəladə plan hazırlayır. Plana əsasən Kim Çen Inın yerinə ölkəni onun kiçik bacısı Kim Yo Cjon idarə edəcək. Bu iddianı Yaponiyanın "Yomiuri" qəzeti irəli sürüb.