SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Hacıyev: "Ermənistan XİN rəhbərinin açıqlaması danışıqlar prosesinə ciddi zərbədir"

© Sputnik / Murad OrujovПомощник Президента Азербайджана - заведующий отделом по вопросам внешней политики Хикмет Гаджиев
Помощник Президента Азербайджана - заведующий отделом по вопросам внешней политики Хикмет Гаджиев - Sputnik Azərbaycan
Abunə olmaq
PA rəsmisi qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrində Azərbaycana qarşı gücdən istifadə edilməsi pislənilir

BAKI, 22 aprel — Sputnik. Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan Xarici İşlər nazirinin Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun açıqlamasına cavabı ilə bağlı məsələni şərh edib.

Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, H.Hacıyev Ermənistanın Xarici İşlər nazirinin Azərbaycan ərazilərinin işğaldan azad edilməyəcəyi ilə bağlı açıqlaması ilə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin üstündən xətt çəkdiyini deyib.

O bildirib ki, Ermənistan tərəfinin bu kimi destruktiv açıqlaması danışıqlar prosesinə ciddi zərbədir və danışıqları pozur: "Bu, eyni zamanda, ATƏT-in Minsk qrupunun həmsədrlərinə qarşı hörmətsizlikdir. Ermənistan-Azərbaycan münaqişəsinin Helsinki Yekun Aktının prinsipləri və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında mərhələli şəkildə həll edilməsi və bu mərhələli proses çərçivəsində ilkin addım kimi Azərbaycanın Dağlıq Qarabağ regionu ətrafındakı ərazilərdən Ermənistan qoşunlarının çıxarılması həmsədr ölkələrin dövlət başçıları səviyyəsində verdikləri bəyanatlarında təsbit olunmuşdur. Həmçinin həmsədrlərin 2019-cu il 9 mart tarixli bəyanatında da münaqişənin mərhələli həllinə dair mövqe bir daha qeyd olunub".

PA rəsmisi qeyd edib ki, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrində Azərbaycana qarşı gücdən istifadə edilməsi pislənilir, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bir daha təsdiq olunur və Ermənistan qoşunlarının dərhal, tam və qeyd-şərtsiz işğal olunmuş ərazilərdən çıxarılması tələb edilir: "Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov aprelin 21-də A.M.Qarçakov adına ictimai diplomatiyaya dəstək klubunun üzvlərinin dəyirmi masasında çıxışı zamanı BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinə toxunmuş və Ermənistan-Azərbaycan münaqişəsinin mərhələli həllinə dair plan və təkliflər barədə danışmışdı".

"Ermənistan bu kimi dağıdıcı açıqlamalarla danışıqlar prosesindən çıxmaq məqsədini güdürsə, onda öz mövqeyini açıq bildirməlidir. ATƏT-in Minsk qrupunun həmsədrləri də Ermənistanın bu kimi dağıdıcı mövqeyini qiymətləndirməli və öz mövqelərini ortaya qoymalıdırlar. Prezident İlham Əliyev tərəfindən bəyan olunduğu kimi, münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi qəti, birmənalı və aydın xarakter daşıyır. Bu mövqe Prezident İlham Əliyev tərəfindən "Valday" Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında və Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın baş naziri ilə təşkil edilmiş açıq debatda bir daha qəti şəkildə ifadə olunmuşdur. Münaqişə Helsinki Yekun Aktına, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir", - deyə Azərbaycan Prezidentinin köməkçisi fikirlərinə əlavə edib.

Xatırladaq ki, Ermənistan Xarici İşlər naziri Rusiya Federasiyasının Xarici  İşlər naziri Sergey Lavrovun açıqlamasına cavab verərək Azərbaycan ərazilərinin işğaldan azad edilməyəcəyini bildirib. Eyni zamanda indiyə qədər aparılmış danışıqlar prosesi və münaqişənin mərhələli həlli ilə bağlı təklifləri rədd və inkar etdi.

Xəbər lenti
0