İradə Cəlilova, Sputnik Azərbaycan
BAKI, 20 aprel — Sputnik. Aprelin 2-dən Təhsil Nazirliyi Virtual məktəb” layihəsinə start verib.
“Virtual məktəb” layihəsi Təhsil Nazirliyi və “Microsoft” korporasiyası arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir. Hər bir şagird “Virtual məktəb” portalında qeydiyyatdan keçərək öz yaşına əsasən sinfə təyin olunacaq və müəllimlər tərəfindən həftəiçi teledərslərdə tədris olunmuş mövzulara uyğun hazırlanmış ev tapşırıqlarını yerinə yetirəcək.
Qeyd edək ki, Təhsil Nazirliyinin məlumatına görə, bu günə qədər ölkənin 65 şəhər və rayonundan 290 mindən çox şagird artıq portalda qeydiyyatdan keçib.
Ancaq şagirdlər arasında internet problemi olan, qeydiyyatdan keçməkdə çətinliklər yaşayanlar da olub.
Təhsil eksperti Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Təhsil Nazirliyinin virtual məktəb platforması - ibtidai sinif şagirdləri üçün təhsilin əlçatanlığının təmin olunmasıdır: "Nəzərə alsaq ki, resurs çatışmazlığı var, Təhsil Nazirliyinin virtual məktəb layihəsi şagirdlər üçün "göydəndüşmə" olacaq".
Ekspert hesab edir ki, bu proqramlar əsasında şagirdlərin tədrisində yaranmış boşluqlar aradan qalxacaq. Çünki Təhsil Nazirliyinin virtual məktəb layihəsi tam şəkildə proqramı əhatə edir.
“4447 orta məktəbdə təhsil alan 1.5 milyon şagirdin heç də hamısının bu platformadan istifadə imkanı yoxdur. Belə ki, hal-hazırda mövcud internet qiymətləri bahadır və şagirdlər şəxsi kompüter, planşet və telefona sahib deyillər. Sayt qeydiyyat üçün 2 apreldən aktiv edilib. Lakin görünən budur ki, qeydiyyat zamanı texniki qüsurlar əmələ gəlir”.
Onun sözlərinə görə, elektron məktəb seçimindən fərqli olaraq, “Virtual məktəb”ə qeydiyyatda birincilik şagirdə hər hansı bir üstünlük vermir.
“Amma təəssüf ki, Təhsil Nazirliyi tərəfindən görülən bu qədər tədbirlərə baxmayaraq, təhsilin əlçatanlığı tam şəkildə təmin olunmayıb. Xüsusilə ali təhsil pilləsində ciddi çatışmazlıqlar mövcuddur”, - deyən K.Əsədov vurğulayıb ki, 2009-cu ildən etibarən distant təhsil təmin edilməli olsa da, bu müddət ərzində universitetlər azı 2 dəfə akkreditasiyadan keçib, amma distant təhsildə böyük irəliləyiş yoxdur.
Ekspert əlavə edib ki, məhz bu səbəbdən 165 min tələbə tədrisdən kənarda qalıb.
“Düşünürəm ki, mobil operatorlar və internet provayderləri karantin müddətində internet qiymətlərinə yenidən baxmalıdırlar. Nəzərə alsaq ki, internet hal-hazırda təhsil alanların təhsil verənlərlə əlaqələndirilməsi üçün yeganə yol və vasitədir, bunu onların əlindən almaq olmaz. Əgər internet güzəştləri olsa, müəyyən qədər şagirdlərin bilik və bacarıqlarında mövcud vəziyyətdə artım olar. Belə ki, DİM-in YouTube resursları və okt.az portalından dövlət sınaqları ilə bilk və bacarıqlarını yoxlaya, tədris bərpa olunandan sonra keçiriləcək imtahanlarda yaxşı nəticə əldə edə bilərlər. Bunun üçün isə internet mütləq şəkildə ödənişsiz olmalıdır”, - Əsədov bildirib.
Onun fikrincə, mövcud şərtlərdə şagirdlərin yalnız 30-35 faizi online dərslərə cəlb oluna bilib və çox az hissə elektron resurslardan istifadə edir. Regionlarda isə elektron resurslardan istifadə faizi daha azdır. Hətta bir sinifdə online dərslərdən 10-15 faiz şagird istifadə edə bilir. Lakin internet tariflərində güzəştlər olarsa, bu rəqəmlərin 70-80 faizə qədər qaldırılması mümkündür.
“Mövcud vəziyyət bütün dünyada təhsilin fəaliyyətini iflic etsə də, ən zəif göstəricilər ölkəmizə aiddir. Türkiyədə 8 TV bu prosesə qoşulub və distant təhsil də tətbiq edilməklə təhsildəki boşluqlar aradan qaldırılıb. Avropa və Amerika ölkələrində də distant təhsil tam şəkildə təşkil edildiyi üçün onlarda təhsilin davamlılığında hansısa bir problem yaranmayıb”, - deyə eskpert vurğulayıb.