BAKI, 20 aprel - Sputnik. “Bu gün haradan-hara gəlmişik, dünya miqyasında ikinci yerdəyik. Bu gün bizim enerji potensialımız artan iqtisadiyyatı dəstəkləyir. Təkcə bu ilin 3 ayında, - baxmayaraq ki, neftin qiyməti düşdü, koronavirus pandemiyası bizim ölkəmizə də çox böyük təsir göstərdi, - qeyri-neft sənayesi sahəsində artım 23 faizdir və bütün bu artan sənaye müəssisələri enerji tələb edir”.
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Prezident İlham Əliyev aprelin 20-də Bakıda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin yenidən qurulan Baş idarəetmə, elm, tədris və laboratoriya kompleksinin açılışında deyib.
Azərbaycan Prezidenti bildirib ki, həm generasiya, həm ötürmə, həm dayanıqlı təchizat - bütün bunlar bu gün təmin edilir: “Ona görə hesab edirəm ki, bu gün bu binanın açılışı çox böyük rəmzi məna daşıyır. Təbii ki, burada institut yerləşir, Baş İdarəetmə Mərkəzi, Tədris-Laboratoriya Mərkəzi, Dispetçer Mərkəzi və eyni zamanda, bu, bizim enerji sistemimizin yeni simasını əks etdirir. Bu bina artıq satışdan, hərracdan çıxarılaraq energetiklərə, onun sahiblərinə qaytarılmışdır. Ona görə bu binada işləyən vətəndaşlar öz vəzifə borclarını şərəflə yerinə yetirməlidirlər. Elə etməlidirlər ki, bizim enerji təminatımız daim yüksək səviyyədə olsun”.
Dövlət başçısı qeyd edib ki, bütün bunlarla yanaşı, hələ görüləcək işlər çoxdur: ““Azərenerji”nin böyük planları var və hesab edirəm ki, ardıcıl siyasət nəticəsində bütün bu planlar həyata keçəcək. Bir daha demək istəyirəm ki, bütün bu müsbət dinamika və eyni zamanda, sabitlik ona gətirib çıxardı ki, xarici investorlar Azərbaycana pul qoymaq qərarına gəlmişlər. Bu ilin yanvar ayında ilkin razılaşma əldə edildi və bərpa olunan enerji sahəsində böyük təcrübəyə malik 2 böyük şirkət Azərbaycanla ilkin sazişləri də imzaladı. Bu sazişlər əsasında ölkəmizdə 440 meqavat gücündə - biri külək, biri günəş olmaqla, 2 stansiya tikiləcəkdir, sırf xarici investorların hesabına. Onu da bildirməliyəm ki, bu layihələri icra etmək, yəni, investisiya qoymaq istəyən şirkətlərin sayı 7 idi. Mən ad çəkmək istəmirəm, onların arasında dünyanın ən böyük enerji şirkətləri də vardı. Ancaq müsabiqə onu göstərdi ki, 2 şirkət daha gözəl şərtlər verib və onlar artıq bu işləri başlamalıdırlar. Düzdür, bu koronavirus araya girdi, ola bilər ki, müəyyən yubanma olsun, amma prinsip etibarilə ilkin razılaşmalar əldə edilib. Bu, öz növbəsində, digər şirkətlərə də yol açacaq. Bizim bərpa olunan enerji potensialımız çox böyükdür, günəş, külək bizdə boldur. Ona görə əmin edirəm ki, həm yerli, həm də xarici şirkətlər bu sahəyə maraq göstərəcəklər.
Bir də xarici şirkətlərin fəaliyyəti ilə bağlı bildirməliyəm ki, müəyyən müddət ərzində biz bu sahəni dövlət inhisarında saxlamışdıq və mən bunun səbəbini də bildirdim. Ancaq hazırda Azərbaycana investisiya qoymaq istəyən istənilən şirkət öz təkliflərini versin və yeni stansiyalar tiksin, investisiya qoysun və bizimlə bərabər işləsin.
Bilirəm ki, bəzi şirkətlərin mövcud stansiyalara marağı vardır. Ancaq buna baxmaq lazımdır, bu, bizə lazımdır, yoxsa yox. Çünki mövcud stansiyalar hamısı işlək vəziyyətdədir, dövlət hesabına böyük investisiyalar qoyulub. Əgər hansısa xarici şirkət bizdən o stansiyaları daha yaxşı işlədə bilərsə, buyursun təklif versin, göstərsin ki, nədir bunun üstünlüyü, əgər bu, özəl əllərdə olarsa baxarıq, əgər onlar doğrudan da daha səmərəli işləyəcəklərsə işləsinlər. Ancaq xarici investorları mən, ilk növbədə, yeni stansiyalara yönəltmək istəyirəm. Gəlsinlər pul qoysunlar. Yoxsa hazır vəziyyətdə gəlməyi hər kəs istəyər. Gəl pul qoy, istehsal et, ötür ümumi sistemə və öz biznesini genişləndir. Bax, mənim xarici şirkətlərə tövsiyəm bundan ibarətdir, o cümlədən yerli şirkətlərə. Əminəm ki, bundan sonra dövlət-özəl sektor tərəfdaşlığı bu sahədə də mümkün olacaqdır”.