BAKI, 20 aprel – Sputnik, Kəmalə Əliyeva. Pianoçu Riad Məmmədov əfsanəvi caz ustası Vaqif Mustafazadənin "Əzizəni gözləyərkən" kompozisiyasını qeyri-adi formatda ifa edib.
Sputnik Azərbaycan-ın məlumatına görə, bəstəkar bu əsəri hazırda Avropada “Caz şahzadəsi” adlandırılan qızı Əzizə Mustafazadəyə həsr edib. Mustafazadə 16 dekabr 1979-cu ildə Daşkənddə çıxışı zamanı ürək tutmasından vəfat edərkən məhz bu kompozisiyanı ifa edirdi.
"Əzizəni gözləyərkən" Riad Məmmədovun Pyotr Çaykovski adına Moskva Dövlət Konservatoriyasına təqdim etdiyi dissertasiyasında mərkəzi yerlərdən birini tutur.
Посмотреть эту публикацию в Instagram
Caz-muğam janrının və onun təbiətinin yaranmasını öyrənən pianoçu əsəri özünəməxsus şəkildə yorumlayıb. Onun məqsədi iki müxtəlif fəlsəfə və estetikanın - Qərb və Şərqin üzləşdiyi bu janrla dinləyiciləri tanış etməkdir.
Məmmədov artıq uzun illərdir ki, ifaçılıqla yanaşı, caz-muğam musiqi istiqamətini elmi nöqteyi-nəzərdən araşdırır. Məhz buna görə də onu Rusiyada caz-muğamın səfiri adlandırırlar.
Riad Məmmədov Moskva Konservatoriyasını və "Fortepiano" ixtisası üzrə aspiranturanı, həmçinin nəzəri aspiranturanı musiqişünas kimi bitirib. Azərbaycan, Belçika, Kanada, Fransa və Rusiyada keçirilən beynəlxalq festivallarda çıxış edib. Teodor Kurentzisin Music Aeterna Orkestri, Niagara Silkway kamera orkestri (Kanada) və başqaları ilə birlikdə pianoda ifa edib.
Musiqiçi həm də pedaqoji fəaliyyətlə məşğuldur. O, Azərbaycanın müasir musiqi sənətində janrların sistemləşdirilməsi üzrə elmi məqalələrin və nəşrlərin müəllifidir.