Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 19 aprel — Sputnik. Repressiya qurbanlarının xatirələrinin əbədiləşdirilməsi üçün ötən il Bakıda Siyasi Repressiya Qurbanları Muzeyinin açılışı oldu. Beləcə, ötən əsrin 30-cu illərində repressiyaya məruz qalanların nəvə-nəticələri, kötükcələri bir təsəlli tapdılar.
Siyasi repressiyaya məruz qalanlar arasında Azərbaycanın dövrünün çox məşhur, indi isə tamam unudulmuş simaları da olub. 1933-cü ildə Bakıda Azərbaycan diviziyasının 1-ci alay komandiri təyin olunan Seyfulla Mehdiyev ömrünün 35-ci baharında, 1937-ci ildə güllələnərək öldürülüb.
Onun anası Sona xanım Cavad bəyin qızı, atası Hacı Rüstəm isə Lahıcın tanınan, sayılıb-seçilən şəxslərindən biri olub. Seyfulla Mehdiyev təhsilini Bakıda alıb. 1928-ci ildə Kübraxanım Qədirova ilə ailə qurub. İki il sonra oğlu Fuad, 1933-cü ildə isə qızı Sona dünyaya gəlib.
S.Mehdiyevin oğlu Fuad Mehdiyevin dörd qızı, qızı Sona xanımın isə bir qızı və oğlu var.
Sputnik Azərbaycan S.Mehdiyevin nəvələri ilə görüşüb.
Seyfulla Mehdiyevin qız nəvəsi Səidə Rəhimova babalarının şəxsən Mir Cəfər Bağırovla tanışlığından, onun böyük nüfuza malik olmasından söz açır: "1935-ci ildə Azərbaycan SSR-in qurulmasının 15 illiyi ilə əlaqədar olaraq qatarla Moskvaya gedən nümayəndə heyəti arasında babam da olub. Nənəm Kübra xanımın sözlərinə görə, həmin qatar 7 günə Moskvaya çatıbmış. Qamboy Vəzirov, Mir Cəfər Bağırov da həmin nümayəndə heyətinin tərkibində olub. Bundan sonra Azərbaycana gələn nümayəndələri mənim babam qarşılayaraq məlumatı Q.Vəzirova, o da Mir Cəfər Bağırova çatdırırmış. O dövrdə noyabrın 7-də, yəni inqilabın ildönümümdə və 1 May Zəhmətkeşlər bayramı ilə əlaqədar olaraq parad keçirilərmiş. Bu paradlarda babam ağ atın belində gələrək Qamboy Vəzirova yaxınlaşarmış".
Səidə xanımın sözlərinə görə, Sovet İttifaqı marşalı Kliment Voroşilov Bakıya gələrkən də onu burada babası qarşılayıb.
1935-ci ildə Seyfulla Mehdiyev polkovnik rütbəsinə layiq görülüb. Lakin iki ildən sonra vəziyyət tamamilə dəyişib. Repressiya dalğası S.Mehdiyevə də çatıb.
Bu haqda Kübra xanımın nəvələrinə dediklərini biz onların dilindən dinlədik. Səidə Rəhimova danışır: "Nənəm ömründə bir dəfə İsmayıllının Lahıc kəndinə gedibmiş, elə orada da babamı görüb onu bəyənibmiş. Lakin onların xoşbəxtliyi heç on il sürmədi. Nənəm deyirdi ki, artıq 1937-ci ildə vəziyyət çox gərginləşmişdi. Amma buna baxmayaraq babamız bu haqda evdə açıq-aşkar danışmırmış. Lakin partiya iclasından uzaqlaşdırılması onda narahatlıq yaradır. Nənəm deyirdi ki, babam tutulmazdan bir neçə gün öncə çox narahat idi, gecələri yatmırdı. Sanki qulağı səsdə idi.
Beləcə günlərin bir günü növbə babama çatır, məşum gecədə qapı döyülür və babamı aparırlar. O, evdən çıxanda nənəmə deyib ki, bu bir anlaşılmazlıqdır, narahat olma. Son sözü isə "özünü və uşaqları qoru" olub. Amma maraqlıdır, babamın dalınca gələndə təqdim olunan sənəddə onun atasının adı səhv, Hüseyn olaraq göstərilmişdi".
"Evi axtararkən babama aid nə kitab, sənəd vardısa, hamısını aparıblar. Ondan bizə qalan yalnız istifadə etdiyi bir sabun olub. Bir də şəkillər, hansı ki onları da biz digər qohum-əqrəbalarımızdan əldə etmişik. Şəkillərin bir neçəsi babamın qardaşında olub. O da o vaxt polkovnik olub", - deyə Səidə xanım əlavə edir.
Bu bir neçə şəkil onlar üçün çox əzizdir. Çünki o dövrdə elə ailələr var idi ki, bütün şəkilləri məhv edilib, yandırılmışdı. Bir sözlə, tarixdən, xatirədən bir iz də qalmamışdı.
Babanın sabununu isə onun oğul nəvəsi Təranə Mehdiyeva evində göz bəbəyi kimi qoruyub saxlayır.
S.Mehdiyevin oğul nəvələrindən biri olan Ülkər Mehdiyeva nənəsi Kübra xanımın digər xatirələrini bölüşür: "Nənəm 10 ay babama bağlamalar aparıb. O, bağlamaya geyim, müəyyən azuqə, bir də 50 rubl pul qoyurmuş. Nənəm deyirdi ki, babamızın əynindən çıxarıb nənəmə verdiyi geyimlər arasında üstü qanlıları da olubmuş".
"10 aydan sonra isə nənəmə deyiblər ki, babama 10 il iş verilib. Bundan sonra nənəmin babamla bütün əlaqələri kəsilib, onun harada olduğu haqda da məlumat ala bilməyib. Lakin illər ötəndən sonra bəlli olub ki, sən demə, 10 aydan sonra babamla tutulan şəxslərin birgə məhkəmələri olub və bu şəxslər elə məhkəmə zalında ikən də güllələniblər. Nənəmin dediyinə görə, onun məhkəməsi heç 20 dəqiqə çəkməyib", - deyə o əlavə edir.
Nəvələri deyirlər ki, babalarına dair sənədlərdə ölüm səbəbi, hətta harada öldüyü də göstərilməyib.
S.Rəhimova danışır: "Beləcə, nənəm iki körpə ilə küçələrə atılır və o dövrün bütün əzablarını, haqsızlıqlarını çiyinləri üzərində daşıyır. Nənəm deyirdi ki, o zamanlar küçədə onu görüb yolunu dəyişənlər az deyilmiş. Buna görə o, kimisə qınamırdı. Çünki adi bir salama görə o zamanlar insanların başına oyun aça bilərdilər. Nənəmgilə daxma kimi ev verirlər. Bir müddət sonra nənəmin anası gələrək qızı ilə nəvələrini götürərək Bülbüləyə, öz evinə aparır. Orada isə onlar sanki unudulurlar".
"Bizdə olan məlumata görə, o zamanlar Qamboy Vəzirovun bütün ailəsini tutublarmış. Onun həyat yoldaşı, səhv eləmirəmsə, yəhudi idi. Oğlu isə sonradan ön cəbhəyə aparılıb və elə oradaca da dünyasını dəyişib", - deyə həmsöhbətimiz əlavə edir.
Gülanə Mehdiyeva: “Nənəm 97 yaşında ölənədək onun canında o repressiya illərinin qorxusu var idi. Buna görə bacardıqca danışmamağa çalışırdı. Amma elə bir gün olmazdı ki, evdə babamızın adı çəkilməsin. O hər şeydə babamızı misal çəkərdi”.
Təranə Mehdiyeva: “Nənəmiz çox qürurlu, hünərli qadın idi. Çox zəhmli idi. O deyirdi ki, ona görə belə zəhmli olmuşam ki, atasız böyütdüyüm, xalq düşməninin övladı adlandırılan balalarım birdən nəsə səhv edərlər, buna görə onlara cəza verərlər”.
“1956-cı ildə nənəmə bir məktub gəlir, onu məhkəməyə dəvət edirlər. Həmin məhkəmədə repressiya illərində güllələnən şəxslərə, o cümlədən də babama bəraət verilir.
Mir Cəfər Bağırovun qapalı məhkəməsində nənəm şahid qismində çıxış edib.
Bağırovla bağlı bir nüansa da toxunmaq istəyirəm. Elçin Əfəndiyevin “Ölüm hökmü” kitabında Bağırov haqda yazılır. E.Əfəndiyev kitabında bu yazılanların yazıçı təxəyyülü olmadığını qeyd edir. Kitabda həmçinin M.C.Bağırovun süd anası, süd qardaşı haqda da yazılır. Bağırov hakimiyyətə gəldikdən sonra özünün süd qardaşını güllələtdirərək öldürür. Nənəm deyir ki, Bağırovun məhkəməsi zamanı onun süd anası üsyan edirdi. Deyirdi ki, kaş döşlərimi kəsərdim, amma sənə süd verməzdim", - deyə Səidə xanım əlavə edir.
Maraqlı nüanslardan biri də odur ki, S.Mehdiyevin toyunda elə 30-cu illərdə repressiya qurbanı olan bir neçə şəxs, o cümlədən də görkəmli şair Mikayıl Müşviq və xanımı Dilbər də iştirak ediblər.
Həmsöhbətimiz bizə babasının humanistliyindən danışır: “Bir gün nənəmlə babam və babamın qardaşı tramvayda gedirmişlər. Babamın qardaşı tramvayda kiminsə nənəmin cibinə girdiyini görərək həmin şəxsi vurur. Lakin babam bu olanlara heç bir reaksiya vermir. Tramvaydan düşəndə isə iki qardaş arasında mübahisə yaranır. Babam qardaşına: "Sən o şəxsdən niyə cibə girdiyini soruşdunmu?" - deyir. İctimai nəqliyyatda oğru hesab etdiyi şəxsi döydüyü üçün babam qardaşını hərbçilər üçün nəzərdə tutulan bir günlük cəza kamerasına saldırır".
Qeyd edək ki, Kübra xanım 2011-ci ildə, 97 yaşında ikən dünyasını dəyişib. Onların 6 nəvəsi, 10 nəticəsi, 8 kötükcəsi var. Hazırda ABŞ-da yaşayan nəticəsi Seyfulla Mehdiyevin adını daşıyır.