BAKI, 19 aprel — Sputnik. Cənubi Amerikadakı koronavirus epidemiyası qəhvə çatışmazlığına səbəb ola bilər.
Sputnik Azərbaycan-ın məlumatına görə, belə bir proqnozu "Bloomberg" agentliyi verib.
İş saatlarının azalması, bankların bağlanması, nəqliyyatda yaranmış çətinliklər və insanların xəstələnmə qorxusu səbəbindən qəhvə dənələrinin yığılması üçün işçi sayı kifayət etməyə bilər. Bu, xüsusilə, Kolumbiya, Braziliya və Peruya aiddir. Belə ki, dünya üzrə Arabika qəhvə dənələrinin istehsalının demək olar ki, üçdə ikisi bu ölkələrin payına düşür.
Məhsul yığımı gələn ay başlamalıdır, lakin bir çox işçilər yoluxma ehtimalı və kiçik əmək haqqı səbəbindən plantasiyaları tərk edirlər. Bundan əvvəlki proqnozlara görə, istehsal həcmi tələbatı ödəyə bilməyəcəkdi və ötənilki ehtiyatlardan istifadə etmək lazım gələcəkdi. Lakin bütün dünyada qəhvəyə tələbatın kəskin artması onun demək olar ki, tükənməsinə gətirib çıxarıb.
Bazarda artıq qəhvə qiymətlərinin artması gözlənilir. Arabika fyuçerslərinin qiyməti ötən ay 16 faiz qalxaraq 100 funtluq (45 kq) kisə üçün 130 dollar təşkil edib.