Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 19 aprel — Sputnik. Öncəki 20-30 illə müqayisədə həyatımızın asanlaşmasının, əlçatanlığın əsas səbəbi ixtiralardır. İxtiralar olmasa, əsrlər, illər ötsə də, həyatımızda heç bir dəyişiklik olmazdı.
Bu gün ixtiralarla Azərbaycanın adından söz etdirmək istəyən peşəkar kadrlarımız var. Bu simalar sırasında azərbaycanlı vəkil, eyni zamanda da ilk ixtisasına görə riyaziyyatçı olan Türkel Süleymanlının da adı var. Bir müddətdir, T.Süleymanlı bütün dünyanın diqqətini çəkə biləcək ixtirası, E-Mask elektron maskası ilə gündəmə gəldi. Sputnik Azərbaycan vəkilin digər ixtiraları ilə də tanış olub. Türkel bəy yeni ideya və görülən işlər haqda fikirlərini Sputnik Azərbaycan-ın oxucuları ilə bölüşür:
- Nə zamandan ixtiralar haqda düşünməyə başladınız?
- Uzun illər müxtəlif ixtiralar etmək üçün düşüncələrimi, qeydlərimi yazırdım. Zaman keçdikcə görürdüm ki, illər öncə edə biləcəyim bir ixtira, düşündüyüm ideya bir başqası tərəfindən reallaşdırılıb. Gec olduğunu görəndə təəssüflənirdim. Bilirsiniz ki, yollarda böyük yük avtomobillərinin iştirakçısı olduğu qəzaların baş verməsinin əsas səbəblərindən biri də arxadakı yük avtomobilinin önünü görmədən ötmə əməliyyatına çıxması olurdu. İllər öncə avtomobillərdə arxa monitor və ön kamera haqda ideyam olmuşdu. Həm buna görə, həm də çoxsaylı ideyalarım olduğu üçün belə qərara gəldim ki, artıq beynimin məhsullarını reallaşdırım. “Bibliya”da belə bir misal var: Allah-təala bir insana talant verir, o isə ondan yararlanmayıb yerə basdırır. Düzdür, o zamanlar talant həm də pul vahidi idi. Yəni istedaddan istifadə etməmək günahdır. Ola bilər ki, sən elə bir dərman ixtira edəsən ki, insanların həyatını xilas edəsən. Beləcə, 2018-ci ilin mayında ideyadan tətbiqə keçdim, yəni beyin məhsullarını reallaşdırmağa başladım.
Təbii ki, bu işdə bir komanda lazım idi. O zamanlar hazırda komandamın üzvi olan Səbuhi Bədəlovla əlaqə saxladım. Artıq 60-a yaxın ideyam vardı. Qeyd edim ki, komandamızın digər üzvü olan olan Emin Zəkiyev İT və dizayn məsələlərinə baxır. Sübhan Şıxmuradov isə elektron mühəndisidir. Komandamızın əsas özəyi bu şəxslərdən ibarətdir. Amma bundan əlavə, bizə dəstək olanlar da var. E-mask-ın proqram təminatını Məcid bəy yazıb. Bundan başqa, iqtisadçı-alim Qalib Şərifov, təhlükəsizlik məsələləri ilə bağlı general Hafiz Musayev, professor, bioloq Ramiz Əliyev də bizə bir çox məsləhətlərini veriblər. Bu iki il ərzində 60-a yaxın ideyadan 5-ni önə çıxardıq, onların üzərində işlədik. Onlardan biri “Magic eye”dır (Sehrli göz). Bu bir telefon akssesuarıdır. Artıq onu təqdim etməyə hazırlaşırdıq ki, fevralda koronavirusla bağlı vəziyyət gərginləşməyə başladı. Vəkil olduğum üçün təhlükəni digərlərindən daha tez görürəm. Vəziyyətin gərginləşdiyini görüb, E-Mask-ı ixtira etdim. Bu ixtiraya görə bir sıra alimlərə, Əbülfət Əliyev, Ramiz Əliyev, Mehrac Abbasova müraciət etdik. Bu gün bizim fəaliyyətimizi özündə əks etdirən unicornidea.org portalı var.
- Sizin ağlınıza gələn, amma artıq başqalarının gerçəkləşdirdiyi yol təhlükəsizliyi üçün icadlardan vaz keçmədiniz ki?
- Günümüzdə “Safelight” (təhlükəsiz işıq) adlanan cihaza böyük tələbat var. “Magic eye” kimi, bu ixtira da artıq istehsal üçün tamamilə hazırdır. Onun mahiyyəti də ölümləri, qəzaları minimal həddə endirməkdir. Təsəvvür edin, xüsusən axşam saatlarında avtomobili yolun kənarında park etdikdə adam narahat qalır ki, birdən hansısa maşın gəlib avtmobilini vurar. Bu ixtira etdiyimiz “Safelight” ilə isə bu qəzaların qarşısı alınır. Bilirsiniz ki, bugünkü yollar daha keyfiyyətli və sürətlidir. Sürücülər də arxayın olub bəzən avtomobillərini "qovurlar". Belə olan halda hərəkətdə olan avtomobil yolun kənarında dayanan maşına çırpıla bilər. Hətta ölüm hadisəsi baş vermədikdə belə, hadisə maddi ziyanla nəticələnir. Bu kimi halların qarşısını almaq üçün biz qəza işıqlarını yandırmaq məcburiyyətində qalırıq. Qəza işıqlarının uzun müddət yanılı qalması isə akkumulyatorun zəifləməsinə səbəb olur. “Safelight” alətinin içində olan beyin 150-200 metr uzaqlıqdan gələn avtomobili hiss edərək işıqlarını yandırır. Yəni uzaqdan gələn avtomobilin işıqları dayanan digər avtomobilin üzərinə düşdükdə avtomatik olaraq işıqlar yanır. Bu zaman qəza işıqları 5 saniyə ərzində yanıb-sönür. İnsanı qəzadan xials etmək üçün bəzən 200 yox, elə 20 metr də kifayət edir. Bu cihaz akkumulyatorun xarab olmaması üçün də çox sərfəlidir. Yəni, yalnız gərək olduqda 5 saniyəlik işə düşəcək. Artıq bu ixtiraya görə patent hüququ almaq üçün müraciət etmişəm. Beynəlxalq hüquq normalarına görə, patent ərizəsi verildiyi gündən artıq müvafiq hüquq müdafiəsinə başlanılır. Patent hüququ verilənədək isə heç bir sənaye müəssisəsi onu satış üçün istehsal edə bilməz. Bu zaman həm mülki, həm inzibati, həm də cinayət məsuliyyəti yaranır. ABŞ kimi bir ölkə ilk növbədə vətəndaşlarını qoruyursa, ikinci növbədə intellektual mülkiyyəti qoruyur. Məhz bu səbəbdən hətta Çin kimi bir ölkəyə də sanksiya tətbiq edir.
- Satış qiyməti təxminən nə qədər olacaq?
- “Safelight” üçün optimal qiymətin 100 manat olduğunu düşündük. Bazar özü isə bu cihazı alıb-almamaq haqda özü qərar verəcək.
- Bəs müəllifin gəlirləri nə qədər olur?
- Müəllifin gəliri istehsal xərci ilə satış arasında təmiz gəlirdən olan faizdir.
- Qeyri-adi çanta ixtiranız da var, maraqlıdır, bu hansı məqsədlə yaradılıb?
- Bu çanta xüsusən turistlər üçün nəzərdə tutulub. Digər ixtiralar kimi, o da insan həyatının təhlükəsizliyi üçündür. Yəni sahibindən başqa kiminsə bu çantanı açma ehtimalı sıfıra bərabərdir.
Bundan başqa, qeyd edim ki, mövcud durumu nəzərə alaraq insanların evdə zamanını daha dəyərli keçirmələri üçün bir portal üzərində işləyirik. Pandemiya bitdikdən sonra biz virusdan çox, depressiyanın təsirlərini görəcəyik. Depressiya insandan-insana keçəndir, zəncirvaridir. İnsanların evdə depressiya keçirməməsi üçün Facetoface adlanan xüsusi oyun üzərində son çalışmalarımızı davam etdiririk. Bu portalda hər kəs bərabər imkanlara sahib olacaq. Düşünün, biz bir müddətdir ki, evə qapanmışıq, amma fiziki məhdudiyyətinə görə illərlə evlərə qapanan insanlar var. Belə bir şəraitdə müəyyən məhdudiyyətləri olan insanların çətinliklərini anlayırıq. Tamamilə görmədən məhrum olan insanların çətinliklərini düşünmək üçün sadəcə olaraq beş dəqiqə qaranlıq bir otaqda gəzin. Bu portal pandemiya bitdikdən sonra da həmin şəxslər üçün gözəl bir fürsət olacaq. Bu oyun dəyərlərə yad olmayacaq. Yəni ana-ata öz övladına bu oyunu tövsiyə edə biləcək. Yalnız yuxarı səviyyələrə görə ödəniş tələb olunacaq. Bu portal həm də insanlara mənəvi stimul verəcək, həm maarifləndirəcək, həm də əyləndirəcək. Çalışacağıq ki, portalı qısa müddətdə tanıdaq. Amma onu da vurğulayım ki, tək Azərbaycan deyil, istənilən digər ölkə bu platformadan yararlana bilər. Düşünürəm ki, qısa zamanda ərsəyə gələcək bu platforma ilə biz cəmiyyətin 1/3-nin sutkanın 25-30 faizini səmərəli keçirməsinə yardımçı olacağıq.
- Hazırda əsas fəaliyyətinizi nəyə kökləmisiz?
- İndi əsas fəaliyyətimiz E-Mask-la bağlı görülməsi lazım olan işlərə yönəlib. Çünki bu ixtira hazırkı vəziyyətə uyğun olaraq insanların həyatı üçün daha zəruridir. Bir neçə gün öncə belə bir status paylaşmışdım və qeyd etmişdim ki, həndəsi silsilə üzrə baxsaq, görərik ki, mayın 1-də xəstələnənlərin sayı 3 milyona, ölənlərin sayı isə 200 minə çata bilər. Bir tədqiqatçı və riyaziyyatçı kimi bunu hesablayaraq demişəm. Baxın, təsəvvür edin, 3 həftə öncə həyətimdə gicitkan kolu bitmişdi. Növbəti gün bu kolluq artdı. Təsəvvür edin, ilk iki ayda ölənlərin sayı 14 min idisə, bir həftə ərzində bu rəqəm 21 min oldu. Bu gün isə artıq gündəlik ölənlərin sayı 7 mindir. Belə bir vəziyyətdə insanlar evlərə qapanmalı, amma özlərinə qapanmamalıdırlar.