Bu yaxınlaradək ərzaq almaq hər birimiz üçün adi iş idi. İndi isə mağazaya getmək ancaq ən vacib məqamlarda bayıra çıxmaq üçün imkandır. İri ərzaq ticarət şəbəkələri Bakıda evə çatdırılma xidmətini işə salsalar da, vətəndaşlarımızın çoxu karantin rejimində də supermarketlərə özləri getməyi üstün tuturlar.
Supermarketlərin idarəçiləri yeni növ koronavirusun yayılmasının qarşısını almaq üçün təlimat və tövsiyələrə əməl etməyə çalışırlar.
Sputnik Azərbaycan-ın fotomüxbirinin baş çəkdiyi ticarət şəbəkəsinin maqazinlərində gigiyena təlimatlarına çox yaxşı əməl olunur. Alıcıların hərarəti ölçülür, əllərinə dezinfeksiyaedici maddə vurulur, əməkdaşların özləri də qorunurlar, məkan və kassalar dezinfeksiya edilir, eləcə də gigiyena normalarının tələblərinə uyğun olaraq bəzi ərzaqlara alıcıların əl vurmağına icazə verilmir.
Kassirlərin müdafiəsi – ayrıca mövzudur, çünki onlar başqalarından daha çox özlərinin və doğmalarının səhhətini təhlükə altında qoyurlar: hər dəqiqə yeni bir insana üzbəsurət xidmət göstərmək onlar üçün yoluxma riskini artırır. Məsələn, Fransada kassirləri və mağazaların digər işçilərini qəhrəman adlandıraraq hər axşam həkimlər kimi onları da alqışlamağı təklif edirlər.
Təəssüf ki, bu şəkillərdə gördüyünüz mənzərəyə hər yanda rast gələ bilməzsiniz. Bəzi mağaza sahibləri, elə işçiləri də koronavirusdan müdafiə tövsiyələrini qulaqardına vurur, özlərini də, alıcılarını da təhlükəyə məruz qoyurlar.
Çox istərdik ki, mağaza işçiləri bu şəkillərə baxıb ibrət götürsünlər, sakinlər isə karantin rejimi və sosial izolyasiya tədbirlərinə əməl etsinlər.