BAKI, 18 aprel — Sputnik. Dünyada koronavirusdan ölənlərin sayı 150 min nəfəri ötüb. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Cons Hopkins Universitetinin verdiyi məlumatlarda deyilir.
Bakı vaxtı ilə saat 10:05-də COVID-19 qurbanlarının sayı 154219 olub. Ölü sayına görə birinci yeri ABŞ saxlayır (37 mindən çox). İkinci yerdə İtaliya durur ( 22,7 min), üçüncü yerdə isə İspaniyadır (20 min).
Bundan başqa, Fransada (18,6 min ölü) və Böyük Britaniyada (14,5 min ölü) ağır vəziyyət müşahidə olunur.
Bütün dünyada COVID-19 xəstələrinin sayı 2,2 milyon nəfəri ötüb. Ən çox yoluxma halı ABŞ-da aşkar edilib - 706 min. Bu göstərici üzrə ikinci yerdə İspaniyadır. Orada 190 min nəfər xəstələnib. Xəstə sayına görə üçüncü yeri İtaliya tutur (172 min).
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də yeni tip koronavirusun (SARS-CoV-2) səbəb olduğu COVID-19 xəstəliyinin yayılmasını pandemiya elan edib.