Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 17 aprel — Sputnik. Rusiyada Səhiyyə Nazirliyi koronavirusa yoluxan xəstələrin, eləcə də ölənlərin sayının artması ilə əlaqədar olaraq infeksiyanın müalicəsi üçün tövsiyələrə düzəlişlər edib və dərmanların siyahısını genişləndirib.
Rusiya Səhiyyə Nazirliyinin məlumatında qeyd olunur ki, COVID-19-a yoluxan xəstələr xlorokin, hidroksiklorokin, lopinavir + ritonavir, azitromisin (hidroksilorokinlə birlikdə), interferonlarla müalicə olunmalıdır. Bu sxemlər "onların effektivliyi və ya səmərəsizliyi barədə birmənalı nəticə çıxarmağa imkan vermir", buna görə də onların tətbiqi barədə qərar tibbi komissiya tərəfindən qəbul edilməlidir.
Nazirlikdən verilən məlumatda xlorokin, hidroksiklorokin, mefloquin koronaviruslu xəstələrə ən yaxşı dərmanlar adlandırılıb. Qeyd edək ki, bu dərmanların bəziləri bundan əvvəl uzun müddət malyariya və digər protozoal infeksiyalara qarşı istifadə olunub.
Bu gün dünyanı sarsıdan SARS-CoV-2 virusu ölkəmiz üçün də aktuallığını saxladığından bütün dünyada virusla mübarizədə yararlı hesab edilən dərmanlarla bağlı məlumatlar Azərbaycan üçün aktuallığını saxlayır.
Tibb üzrə ekspert Adil Qeybulla Sputnik Azərbaycan-a açıqlamasında dərmanların spesifikasından danışıb: "Bu təcrübədən Şimali Koreya kimi ölkələrdə də istifadə edilib. Bu dərmanlar arasında malyariya üçün istifadə olunan dərmanlar da var. Malyariya üçün nəzərdə tutulan dərman bakterial ağırlaşmanın qarşısının alınmasında istifadə olunur. Digər dərmanlar isə virus əleyhinə olan dərmanlardır. Lakin bu dərmanların heç biri birbaşa olaraq koronavirusa təsir etmir. Yəni müəyyən qədər antiviral dərmanlardır".
"Hər halda bu gün koronavirusla mübarizə üçün əldə olan bütün mümkün vasitələr istifadədir. Əslində, viruslara qarşı birbaşa müalicə vasitələri yoxdur. Qrip virusu, elə koronavirusun özü hər il yeni ştampla meydana çıxır. Virusoloqlar da bu istiqamətdə düşünsünlər. Bu sahəyə xüsusi kapital qoyulmalıdır ki, yeni müalicə üsulları olsun. Çünki virusu hüceyrə daxilində axtarıb tapmaq, onları məhv eləmək elə asan məsələ deyil", - deyə A.Qeybulla əlavə edib.
Tibb eksperti deyir ki, ola bilsin Azərbaycanda da bu format nəzərə alsın: "Lakin spesifik müalicə olmadığı üçün hər ölkə bir üsul tətbiq edir. Burada infeksionistlər, pulmonoqlar və digər həkimlərin təcrübəsindən istifadə olunur".
Bu dərmanların əks təsirindən danışan həmsöhbətimiz deyir ki, azitromisin antibiotik olduğundan onun ən birinci əks təsiri allergik reaksiya yaratmasındadır: "Malyariya əleyhinə olan dərmanlar qaraciyərə neqativ təsir edə bilər. Lakin virusdan ölməkdənsə, bu dərmanları qəbul etmək daha məqsəduyğundur".