BAKI, 17 aprel – Sputnik. İran ordusunun "Vətənin müdafiəçiləri, səhiyyə köməkçiləri" şüarı altında keçirilən "xidmət paradı" mərasimi bu gün səhər ölkənin müdafiə naziri, general Əmir Xatəminin və ordunun digər komandirlərinin iştirakı ilə keçirilib.
Sputnik Azərbaycan İran mənbələrinə istinadla xəbər verir ki, bu paradda ətraf mühitin çirklənməsinə qarşı mübarizə üçün avadanlıqlar, mobil xəstəxanalar, təkmilləşdirilmiş və optimallaşdırılmış nəqliyyat vasitələri, eləcə də İran ordusunun koronavirusa qarşı mübarizəyə göstərdiyi yardım təqdim edilib.
Parad paytaxt Tehran və İranın 24 əyalətində keçirilib. Paradda iştirak edən ordu bölmələri mərasimdən dərhal sonra çirklənməni aradan qaldırmaq və yolları dezinfeksiya etmək məqsədilə gəlirləri aşağı olan uzaq rayonlara göndərilib.
1979-cu ildə İslam İnqilabının lideri İmam Xomeyni aprelin 17-ni "Ordu Günü" adlandırıb.
Həmin vaxtdan etibarən hər il aprelin 17-də İran İslam Respublikası ordusunun xüsusi bölmələri ölkənin əyalətlərində xüsusi mərasimlər keçirirlər. Bu il, koronavirus epidemiyası ilə əlaqədar olaraq hərbi bölmələrin "xidmət paradı" "Vətənin müdafiəçiləri, səhiyyə köməkçiləri" adı altında keçirilib.
Qeyd edək ki, İran yeni növ koronavirusdan ən çox zərər görən ölkələr sırasındadır və hazırda 8-ci yerdə qərarlaşıb. Bu ölkədə ümumilikdə bu günə qədər 77995 koronavirusa yoluxma halı qeydə alınıb. İranda COVİD-19 qurbanlarının sayı 4869 nəfərdir.
İran rəsmiləri demək olar ki, hər gün sanksiyalar ucbatından ölkədə tibbi ləvazimat və ərzaq qıtlığının olmasından şikayətlənirlər. Belə bir vəziyyətdə əhalisi 9 milyon olan Tehranda və ölkənin 24 əyalətində hərbi paradın keçirilməsi faktı beynəlxalq aləmdə qəribə qarşılanıb.