BAKI, 16 aprel — Sputnik. Azərbaycanda əhalini yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə bağlı ətraflı məlumatlandırmaq məqsədilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən BMT-nin Uşaq Fondunun (UNICEF) dəstəyi ilə maarifləndirmə tədbirləri həyata keçirilir. Bu tədbirlər çərçivəsində əhali, xüsusən uşaqlar üçün maarifləndirici materialların hazırlanaraq aidiyyəti üzrə paylanılması nəzərdə tutulur. Sputnik Azərbaycan Səhiyyə Nazirliyinə istinadən xəbərinə görə, yeni növ koronavirus (COVID-19) xəstəliyi ilə mübarizə və profilaktika məqsədilə hazırlananan materiallarda uşaqlara evdə qalmağın vacibliyi izah olunur, immun sisteminin möhkəmləndirilməsi, düzgün qidalanma, ev şəraitində fiziki aktiv olmaq, onlayn tədris layihələrinə qoşularaq dərslərini hazırlamaq və digər mövzular üzrə tövsiyələr yer alıb.
Pandemiya dövründə körpələrini ana südü ilə qidalandıran anaların zəruri gigiyena qaydalarına riayət etməsi, usaqların (0-2 yaş arasında) erkən inkişafı, eyni zamanda uşaq və valideynlərdə təşvişin aradan qaldırılması, stressin idarə olunması üzrə məlumatlar da maarifləndirici vərəqələrdə əhalinin diqqətinə çatdırılır. Bu mövzularda həmçinin sosial şəbəkələrdə müntəzəm olaraq maarifləndirici materialların paylaşılması, həmçinin qısa video-çarxın hazırlanması həyata keçiriləcək.
Hazırlanan materiallara əhalinin əlçatanlığının təmin olunması məqsədilə onlar www.isim.az saytında yaradılan Koronavirus haqqında məlumat bölümündə yerləşdiriləcək.