BAKI, 15 aprel — Sputnik. Yazın gəlişi təbiətdə yeni gözəlliklər yaradır, heyvanlar aləmi, bitki örtüyü canlanır, təbiətin özünübərpa prosesi daha çox qabarır və bütün bunlar bizi əhatə edən mühitdə gözlə görünən müsbət dəyişikliklərlə müşayiət olunur.
Sputnik Azərbaycan xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəis müavini Arzu Səmədova jurnalistlərə bildirib ki, təbiətin keşiyində duran mühafizə işçiləri yazın gəlişi ilə təbiətdəki canlanmanı, xüsusilə kənar təsirlərin azalması səbəbindən vəhşi heyvanların öz areallarında sərbəstliyinin açıq şəkildə hiss olunmasını müşahidə edirlər.
"Göygöl Milli Parkında ardıcıl şəkildə ayı balalarının, Hirkan Milli Parkının Xanbulan gölü ətrafında indiyədək rast gəlinməyən bəbir ləpirinin, Şahdağ Milli Parkında nəcib maralın, cüyürün tez-tez görünməsi heç də təsadüfi deyil. Şirvan Milli Parkında ürkəkliyi ilə seçilən ceyranların, ölkəmizə introduksiya olunaraq Şahdağ Milli Parkının İsmayıllı bölməsində təbiətə köçürülən Avropa zubrlarının aktivliyi də gözdən yayınmır".
Mütəxəssisin fikrincə, yazın gəlişi, canlı aləmin oyanışı ilə bağlı olan aktivlik, həm də antropogen təsirlərin azalması səbəbindən daha da sürətlənib, vəhşi təbiətin sakinləri olan heyvanat aləminə xeyli rahatlıq gətirib, onların sərbəstliyinə, bitki örtüyünün inkişafına və ümumən təbii bərpa proseslərinə şərait yaranıb.