BAKI, 15 aprel — Sputnik. Aprelin 14-də saat 12 radələrində Tərtər rayon sakini Elşad Məmmədov idarə etdiyi "Mercedes" markalı, 10-OO-018 dövlət nömrə nişanlı avtomobillə Hacıqabul rayonu ərazisində xüsusi karantin rejimi ilə əlaqədar quraşdırılmış stasionar polis postunda xidmətdə olan polis nəfərinin avtomobili saxlamasına dair qanuni tələbinə məhəl qoymayaraq yüksək surətlə hərəkətini davam etdirib, onu qəsdən vuraraq xəsarət yetirib.
Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluğun Mətbuat xidmətinin rəhbəri Eldar Sultanov məlumat verib.
O bildirib ki, faktla bağlı Hacıqabul rayon prokurorluğunda Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə) maddələri ilə cinayət işi başlayıb.
Araşdırmalarla həmçinin, avtomobildə olan sərnişinlər - Natiq Hüseynzadə və Anar Fətəliyev tərəfindən də xüsusi karantin rejiminin tələblərinin kobud pozuntusu halları müəyyən edilib.
Qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən Elşad Məmmədov, Natiq Hüseynzadə və Anar Fətəliyev tutularaq istintaqa cəlb olunublar.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.