BAKI, 15 aprel — Sputnik. "Statistikaya əsasən Azərbaycanda koronavirusa yoluxanlar arasında aktivlik 30-60 yaş arasında olanlarda müşahidə edilir".
Sputnik Azərbaycan-ın məlumatına görə, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bu gün keçirilən brifinqdə məlumat verib.
O, deyib ki, ölkəmizdə koronavirusa yoluxanlar arasında qadınlar üstünlük təşkil edir: "Həmçinin 0-9, 80 yaşlı xəstələr də var. Bu gün laboratoriyalarımız tərəfindən 3661 nəfər test icra olunub. Bu günə vəfat edən yoxdur. Ümumilikdə 75 min 397 test keçirilib. Bu günə qədər 1250 yoluxma faktı aşkar edilib, onlardan 404 nəfər sağalıb. Hazırda 836 nəfər aktiv xəstə var. Onlardan 8 nəfər reanimasiyadadır ki, həmin xəstələrdən 6 nəfəri süni nəfəs aparatına qoşulub”.
Nazilər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov isə bildirib ki, koronavirusa yoluxmada sabitləşmə müşahidə olunur
İ. Məmmədovun sözlərinə görə, 5 günün dinamikası göstərir ki, pozitivlə neqativ bir-birini əvəzləyir: "Aprelin 12-dən sağalma yoluxmanı üstələyib. Bu pozitiv bir haldır. Aprelin 12-də ilk dəfə pozitiv nəticə oldu Aprelin 13-də neqativ olsa da, az fərq oldu. Bu gün 53 nəfər sağalma, 56 yoluxma qeydə alınıb. Ötən həftə sabit olub. Xəstələrin sayı 822-844 nəfər arasında dəyişib. Bu da vəziyyətin sabitliyini göstərir. Amma biz deyə bilmərik ki, belə davam edəcək. Bu o deməkdir ki karantin rejiminin nəticələri artıq var. Bu bizi ruhlandırır ki, karantinə əməl edək".