Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan
BAKI, 15 aprel — Sputnik. Bakı Şəhər Dezinfeksiya Mərkəzi hazırda COVID-19 virusuna yoluxma ocaqlarında dezinfeksiya aparır. Bu barədə Sputnik Azərbaycan-a açıqlamasında Bakı Şəhər Dezinfeksiya Mərkəzinin rəhbəri Akif Məmmədov məlumat verib.
O bildirib ki, məlumat daxil olduqca Mərkəzin əməkdaşları yoluxma qeydə alınan şəxslərin evlərinə gedir, həmin mənzillər dezinfeksiya olunur: "Hazırda əsas işimiz COVID-19 virusuna yoluxma ocaqlarında dezinfeksiya işləri aparmaqdır. Yoluxma barədə məlumat daxil olduqca əməkdaşlarımızı həmin ünvanlara göndəririk. COVID-19 virusuna yoluxan şəxslərin mənzilləri dezinfeksiya edilir. Bundan əlavə bu virusa yoluxan şəxslərin müalicə olunduqları tibb müəssisələrində də dezinfeksiya işləri mütəmadi davam etdirilir. Əsasən bu gün diqqət yoluxma və müalicə ocaqlarının dezinfeksiyasına yönəlib".