BAKI, 14 aprel — Sputnik. İcazəsiz hərəkət edən avtomobillər sıxlıq yaradır. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev məlumat verib.
O, bildirib ki, xüsusi karantin rejimi çərçivəsində hərəkət məhdudiyyəti qoyulmasına baxmayaraq paytaxtın küçə və prospektlərində nəqliyyat axını müşahidə olunur: "Təəssüf ki, bu axın davam etməkdədir. Ziya Bünyadov prospektində həm 20 Yanvar, həm də Koroğlu metrostansiyası istiqamətində nəqliyyat axını müşahidə edilir. Eyni zamanda Heydər Əliyev prospektində, Yusif Səfərov küçəsində, Həsən Əliyev küçəsində, Cəlil Məmmədquluzadə küçəsinin kəsişməsində, Gənclik metrosu Fətəli xan Xoyski küçəsində, Nərimanov Metrostansiyasının yanı Ağa Nemətulla küçəsi ilə Təbriz küçəsinin kəsişməsində nəqliyyat vasitələrinin çoxluğu müşahidə edilir".