BAKI, 14 aprel - Sputnik. "Azərbaycanda fermerləriin üzləşdiyi bir sıra çətinliklərdən biri iqlim dəyişiklikləri ilə bağlıdır".
Sputnik Azərbaycan xəbər verir ki, bunu Kənd təsərrüfatı naziri İnam Kərimov Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş 2020-ci ilin I rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə deyib.
"Payızlıq əkinləri vegetasiya dövründə müşahidə olunan kəskin quraqlıq kənd təsərrüfatına ciddi təsir edib. Sentyabr-fevral aylarında respublika üzrə illik yağıntı və qarın miqdarı normadan kəskin dərəcədə aşağı olub, bu da əkin sahələrinin suvarılmasında çətinliklər yaradır.
Hazırda Nazirlər Kabinetinin koordinasiyası ilə “Meliorasiya və Su Təsərrüfatı” ASC ilə birlikdə yerlərdə su çatışmazlığının aradan qaldırılması ilə bağlı tədbirlər görülməyə başlanılıb. O cümlədən su idarəedilməsinin və uçotunun elektron sistem üzərindən aparılması istiqamətində işlər planlaşdırılır", - deyə o, qeyd edib.
"Fermerlərimizin qarşılaşdığı digər çətinliklərdən biri də əkin mövsümü dövründə kiçikhəcmli kredit mənbələrinə çıxışın məhdud olmasıdır. Çünki banklar əksər hallarda güzəştli kredit ayırmaq üçün fermerlərdən Bakıda mənzil girovu tələb edirlər. Ancaq Sizin bir neçə gün əvvəl imzaladığınız Fərmana əsasən, fermerlərə girovsuz aqrar kreditin verilməsi mexanizmi formalaşdırılıb. Bu Fərmanın icrası üçün əlavə maliyyə vəsaitinin ayrılması ilə bağlı bütün fermerlərimizin xahişlərini ifadə etmək istərdim. Bu dəstəyə və fermerlərin maddi rifah halının yaxşılaşdırılmasına göstərdiyiniz davamlı qayğıya görə kənd zəhmətkeşləri adından Sizə dərin təşəkkürümüzü bildiririk. Sizi əmin edirik ki, qarşımıza qoyduğunuz vəzifələri bu il də layiqincə yerinə yetirmək üçün bütün səy və imkanlarımızı səfərbər edəcəyik" - deyə İ.Kərimov əlavə edib.