BAKI, 13 aprel — Sputnik. Ölkədə koronavirus təhlükəsinin qarşısının alınması məqsədilə tətbiq edilən karantin rejimi dövründə “Azəriqaz” İstehsalat Birliyi müştəri xidmətləri sahəsində daha bir dəyişiklik edib. Qurumdan Sputnik Azərbaycan-a verilən məlumata görə, artıq Qaradağ rayonunun Sahil, Ələt, Lökbatan, Səngəçal, Puta, Ümid, Qobustan kimi böyük qəsəbələri və digər yaşayış massivlərindən abonentlərin müştəri xidmətləri ilə bağlı Bakı şəhərinə - 1 saylı “ASAN Kommunal” mərkəzinə və Abşeron Xidmət Sahəsinə gəlməsinə ehtiyac qalmayacaq.
Məsafənin uzun olması, karantin rejimində insan sıxlığının və təmasının azaldılması məqsədilə Qaradağ Xidmət Sahəsində (Lökbatan qəsəbəsi, Bünyadzadə küç.21 a. 106 saylı orta məktəbin yaxınlığında) bu rayonun sakinləri üçün lazımi xidmətlər icra olunacaq. Həftənin 6 günü səhər saat 10:00-dan saat 15:00-dək yeni kartların verilməsi, itirilmiş və ya zədələnmiş kartların əvəzlənməsi, koda düşmüş əməliyyatların bərpası və s. digər zəruri əməliyyatlarla bağlı abonentlərə xidmət göstəriləcək. Xidmətləri Birliyin Bakı Regional qazın satışı Departamentinin “ASAN Kommunal” mərkəzlərində çalışan müştəri xidmətləri şöbəsinin əməkdaşları həyata keçirəcəklər.