BAKI, 11 aprel — Sputnik. Şabranda 3 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib. Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Qaraqaşlı kəndində qeydə alınıb.
Yol qəzasında rayon sakinləri Zəkiyev Vüsal Rövşən oğlu, Babayev Elnur Azad oğlu və Babayev Cəlal Azad oğlu ölüb.
Digər rayon sakinləri - İsmayıl Zəkiyev, Şahverdiyev Bəxtiyar Xanoğlan oğlu və Əzməmmədov Ramin Oqtay oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Cəlal Babayev H.Z.Tağıyev qəsəbəsindəki xəstəxanaya aparılarkən yolda keçinib.
Yaralılar Şabran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan birinin vəziyyəti ağırdır.
Qeyd edək ki, qəza törədən avtomobilin sürücüsü Bəxtiyar Xanoğlan oğlu Şahverdiyev Şabran Rayon İcra Hakimiyyətinin keçmiş başçısı (1995-2007) Sündüz Babayevanın bacısı oğludur. Bu törətdiyi hadisə Bəxtiyar Şahverdiyevin sayca dördüncü ağır yol-nəqliyyat hadisəsidir.
Məlumata görə, qəzaya uğrayan şəxslər sərxoş vəziyyətdə olublar.