BAKI, 11 aprel — Sputnik. "Azərbaycanda metil spirtinin əhaliyə satışı qadağandır". Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Səhiyyə Nazirliyinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maqsudov söyləyib.
O bildirib ki, bu spirt satışda olmamalıdır və onu əhaliyə satmaq qadağandır: "Son günlər metil spirtindən zəhərlənmə hallarının artması bizi də ciddi narahat edir. Bu spirtin əslində əhaliyə satılması qadağandır. Amma indi elə bir vəziyyətdir ki, pandemiya ilə bağlı hər kəs apteklərə spirt üçün müraciət edir. Bu spirt əslində dezinfeksiya məqsədi daşıyır. Amma bəzi insanlar bu spirti alıb içirlər. Bu isə şübhəsiz ki, zəhərlənmə ilə nəticələnir. Metil spirti kimya sənayesində işlənən məhluldur".
A.Maqsudovun sözlərinə görə, apteklərdə satılan tibbi spirtin tərkibində də metil spirti aşkarlanıb: "İndi bu məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyi araşdırmalar aparır. Metil spirtini tibbi spirtdən ayırd etmək bir qədər çətindir. Metil spirtinin qoxusu və rəngi tibbi spirtdən fərqlənmir. Tərkibi də demək olar ki, oxşardır. 30 milli litrdən çox qəbul etdikdə ölümcül doza verir. Müraciət edən 13 xəstədən 8 nəfərinin ölüm səbəbi metil spirti içmələridir. Bu spirtin istifadəsi ölümə səbəb olur. Bəzi hallarda isə görmə qabiliyyətini pozur və korluq əmələ gətirir. Daha sonra beyin mərkəzlərinin, qaraciyərin funksiyasını sıradan çıxarır. Beyinin fəaliyyətini korladıqdan sonra nəfəs mərkəzi zədələnir və ondan irəli gələn fəsadlaşma başlayır. Bu zaman xəstə ürək, ağciyər çatışmazlığından həyatını itirir”.