BAKI, 11 aprel — Sputnik. Koronavirusun (COVİD-19) geniş yayılmasının qarşısının alınması məqsədi ilə taksilərdə sürücü və sərnişinlər arasında yoluxma riskinin azaldılması üçün ön və arxa oturacaqlar arasında arakəsmələr quraşdırılır. Bu barədə Sputnik Azərbaycan-a Bakı Nəqliyyat Agentliyindən verilən məlumatda bildirilir.
Xəbərdə qeyd olunur ki, ictimai nəqliyyatda qabaqlayıcı tədbirlər davam etdirilir. Bu çərçivədə, Bakı Nəqliyyat Agentliyi taksi minik avtomobillərində sürücü və sərnişinlər arasında arakəsmələr quraşdırılmasını tövsiyə edir. Artıq Bolt şirkəti tövsiyələri nəzərə alaraq taksi avtomobillərində müvafiq arakəsmələr quraşdırır. Bununla yanaşı, avtomobilin ön qapısına sərnişinlərə arxa qapıdan minməsinin lazım olduğunu bildirən tövsiyə xarakterli bildirişlər vurulub. Hazırkı epidemik vəziyyətdə bunun vacibliyini nəzərə alaraq, taksi fəaliyyəti ilə məşğul olan digər hüquqi şəxsləri də bu təşəbbüsə qoşulmağa dəvət edirik.
Həmçinin, bildirilir ki, Nazirlər Kabinetinin 04 mart 2019-cu il tarixli qərarına əsasən Bakı şəhərinin inzibati ərazisində sərnişin daşımalarını yerinə yetirən taksi minik avtomobilləri onlar üçün irəli sürülən standartlara və normativlərə cavab verməlidir.