İlham Mustfayev, Sputnik Azərbaycan
Qazax rayonunda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət məqsədi ilə Qazax rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparırlar. Polis əməkdaları sakinlər arasında profilaktiki tədbirlər həyata keçirərək, mümkün qədər evdə qalmağı, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, əlcəkdən istifadə etməyi, dezinfeksiya edici vasitələrdən istifadə etməyi tövsiyə edirlər.
DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, rayon ərazisində mütamadi olaraq aparılan reydlər zamanı xüsusi karantin rejiminin tələblərini pozan 68 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cərimə ediliblər. Əlavə olaraq 1 şəxs barəsində rayon məhkəməsinin qərarı ilə inzibati həbs seçilib.