Koronavirusla mübarizə çərçivəsində görülən təbdirlərdən ən başlıcası yaşı 65-dən yuxarı olan şəxslərin evdən bayıra çıxa bilməməsidir. Bu cür şəxslər Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin 142 saylı çağrı mərkəzlərinə müraciət etməklə onlara gərəkli olan yardımı ala bilərlər.
Sputnik Azərbaycan da bu yardımın necə edildiyini öz gözü ilə görmək qərarına gəlib. Agentlikdən bizə verilən məlumata əsasən, hal-hazırda yalnız çağrı mərkəzinə gələn sorğular cavablandırılır. Mərkəzin operatorları gücləndirilmiş rejimdə çalışır, sosial işçilər isə könüllülər ilə birgə hər gün 15-16 yeni ailəyə baş çəkirlər.
77 yaşlı təqaüdçü artıq ikinci dəfədir, agentliyə müraciət edir. O da bu şəraitdə evdə qalmağın nə qədər önəmli olduğunu anlayır və ona göstərilən dəstək üçün təşəkkür edir.
“Bizdən heç bir şey tələb olunmur. Çörəyimizi, suyumuzu verirlər. Yardımımızı göstərirlər. Bizdən bircə şey tələb olunur – evdə qalmaq!” - deyə o bizimlə bölüşüb.
Ehtiyaclar isə olduqca sadədir – sosial işçilər lazımi ərzaq və dərmanları alır, kommunal xidmətlərlə bağlı yardım göstərir, gedərkən hətta zibilləri tullamağı təklif edirlər.
Sizin də tanıdığınız, yardımı olmayan və yaşı 65-dən yuxarı olan şəxslər varsa, çağrı mərkəzinə müraciət etmələrini tövsiyə edin.