BAKI, 8 aprel — Sputnik. Xətai rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində qeyri-aşkar şəraitdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsini törədərək hadisə yerindən qaçmış sürücü tutulub.
Sputnik Azərbaycan Baş prokurorluğun məlumatına istinadla xəbər verir ki, aprelin 3-də saat 23 radələrində Xətai rayonunun ərazisində naməlum sürücünün idarə etdiyi avtomobillə yolu keçən piyada, 1966-cı il təvəllüdlü Ağacanov Sadat Şahmar oğlu vurulub. Piyada ölüb, sürücü isə hadisə yerindən qaçıb.
Fakta görə rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə hadisə yerinə baxış keçirilib, zəruri ekspertizalar təyin olunub və digər təxirəsalınmaz istintaq hərəkətləri aparılıb, yol nəqliyyat hadisəsinin "Chevrolet Niva" markalı 90-DU-370 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü – 1978-ci il təvəllüdlü İbrahimov Fuad Alı oğlu tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.
Fuad İbrahimov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.