CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Karantindən evinə buraxılan tələbə: "Ən azından buna vicdan yol verməzdi"

© Photo : Courtesy of Dilqam AhmadDilqəm Əhməd
Dilqəm Əhməd - Sputnik Azərbaycan
Abunə olmaq
Sputnik Azərbaycan karantindən yeni çıxan tələbələrdən biri ilə söhbətləşərək orada yaradılan şərait, onlara qarşı münasibəti öyrənib

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 8 aprel — Sputnik. Məlum olduğu kimi, koronavirus infeksiyasının (COVID-19) yayılmasından sonra Azərbaycan da sərhəd və gömrük keçid məntəqələrində nəzarəti gücləndirdi. Ölkəmizə gələn vətəndaşlar vasitəsilə bu virusun yayılmasının qarşısını almaq üçün karantin qaydaları tətbiq olunmağa başladı. Hazırda da Azərbaycana xarici ölkələrdən gələn xeyli sayda soydaşımız 14-21 günlük karantin rejimində saxlanılır.

Sosial şəbəkələrdə karantin yerlərinin vəziyyəti, bu məkanlarda saxlanılanların etirazına dair müxtəlif səpkili məlumatlar yayılır. Odur ki, Sputnik Azərbaycan karantindən yeni çıxan tələbələrdən biri ilə söhbətləşərək orada yaradılan şərait, onlara qarşı münasibəti öyrənib. Müsahibimiz "Çapar" dərgisinin baş redaktoru, İstanbul Universitetinin doktorantı Dilqəm Əhməddir. Dilqəm Əhməd Türkiyədən Azərbaycan-a mart ayının 24-də dönüb. Gəldiyi gündən karantində saxlanılan Dilqəm evə aprelin 7-də buraxılıb. 

© Photo : Courtesy of Dilqam AhmadDilqəm Əhməd
Karantindən evinə buraxılan tələbə: Ən azından buna vicdan yol verməzdi - Sputnik Azərbaycan
Dilqəm Əhməd

- Dilqəm, koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün Azərbaycanda karantin vəziyyəti elan olunub. Ölkəmizə xaricdən gələn hər bir şəxs 14 gün karantin şəraitində saxlanılır. Sən də Türkiyədə təhsil alan tələbələrimizdənsən. Eyni zamanda jurnalistsən. Eşitdik ki, 14 günlük karantin müddətin başa çatıb. Artıq evindəsən. Karantin təəssüratlarını sənin dilindən eşitmək maraqlı olardı.

- Bildiyiniz kimi, Ankara səfirliyimiz və İstanbul konsulluğumuz qaynar xətt yaratmışdı. Mən də çarterlə qayıtmaq üçün ilk vaxtdan müraciət etmişdim. Qismət oldu, martın 24-ü yola düşən təyyarəylə Bakıya gəldik. Hava limanında xüsusi yoxlamadan keçdik. Temperaturumuz ölçüldü, burnumuzdan yaxma alındı.

- Karantinə aparılmazdan öncə necə bir şəraitdə qalacağınız barədə məlumat verilmişdimi?

- Bizə demişdilər, karantində saxlanılacağıq, anma harada olacağını bilmirdik. Hava limanından avtobusa mindirildikdən sonra TƏBİB-in nümayəndəsi Bakı Atletlər Kəndinə gedəcəyimizi bildirdi. Açığı, buna sevindik. Çünki daha öncə bəzi bölgələrimizdən xoş olmayan videolar görmüşdük. Biz 107 nəfər idik. Kənddəki binalardan birinə yerləşdirildik. Atletlər Kəndinin sadəcə adını bilirdim. Əvvəlcə ailəlilər və yaşlılar yerləşdirildilər. Daha sonra tək gələnlərə iki adamlıq otaqlar verdilər.

- Karantində saxlanıldığınız otağın şəraiti necə idi? Bir otaqda neçə nəfər saxlanılırdı?

- Mən də gənc bir məktəbli ilə düşdüm. İlk gündən gördük ki, burada şəraitlə yanaşı, vətəndaşa diqqət və qayğı da yüksəkdir. Bina yeni olduğu üçün hələ ki televizor yox idi. Amma Wi-Fi xidməti var idi, bu da bizi darıxmağa qoymurdu. Otaqda paltar şkafı, tumba, masa, stul və qəhvədan var idi. Otaq isti idi, yataq da rahat. Yəni otaq şəraiti karantin üçün çox normal idi.

© Photo : Courtesy of Dilqam AhmadDilqəm Əhməd
Karantindən evinə buraxılan tələbə: Ən azından buna vicdan yol verməzdi - Sputnik Azərbaycan
Dilqəm Əhməd

- Ən maraq doğuran məqam karantində qidalanmadır. Ürəyiniz istədiyini yeyirdiniz, yoxsa sizə verilən menyuya uyğun qidalanırdınız?

- Gündəlik 3 dəfə yemək verilirdi. Səhər kiçik qablarda yağ, cem, bal və bir yumurta, günorta və axşamlar isə ətli və ya toyuqlu yeməklər idi. Yeməyin yanında salat və meyvə də olurdu. SMS-lə çölə çıxmadan öncə ailədən boğça gələ bilirdi. Yəni evdən şirniyyat, meyvə və s. gətirə bilərdik.

- Ailə üzvlərinizlə görüşə icazə verilirdi?

-Ailə ilə görüşmək qəti mümkün deyildi. Nə buradan çölə, nə də çöldən içəriyə heç kim girə bilməzdi. Biz özümüz otaq, dəhliz və balkonda hərəkət edə bilirdik.

- Karantin qaydalarına necə əməl edirdiniz?

- Qonşu otaqda qalanlarla məsafə saxlamaqla söhbət edə bilirdik.

- Karantin dövründə həkim müayinəsi aparılırdımı?

- Karantinin bir həftəsində bizdən ikinci analiz götürüldü. Bu dəfə burunla yanaşı, boğazımızdan da. 10 gün ərzində müntəzəm temperatur və təzyiq ölçülürdü və hər hansı bir şikayətimizin olub-olmaması barədə mütəmadi həkim soruşurdu.

- Sizinlə karantində saxlanılanlar arasında vəziyyəti ağırlaşan, özünü pis hiss edən oldumu?

-İkinci analizin nəticəsindən sonra eşitdiyimiz qədər 6 nəfərdə nəticə pozitiv çıxdı və onları müalicəyə apardılar. Eşitdiyimizə görə, eyni otaqda olan iki qardaşdan birində çıxmışdı. Qardaşın sadəcə birini xəstəxanaya apardılar. Biz ancaq öz mərtəbəmizdə nə olduğunu bilirdik. Çünki kimdə pozitiv çıxacağını bilmədiyimizə görə əlaqə saxlanılmırdı. Amma məlumat gəlib çatırdı. Hər halda, konkret neçə adamda pozitiv çıxmağını TƏBİB-dən öyrənmək daha doğru olar.

- Karantin, əlbəttə ki, istirahət zonası deyil. Amma bəzən karantində qalanlar narazılıq edirlər. Bunun üçün səbəblər vardımı?

- Karantində şərait və qayğıdan narazılıq ola bilməzdi. Ən azından buna vicdan yol verməzdi. Amma evə getməklə bağlı insanların hərəsinə görə haqlı narazılığı olurdu. Məsələn, biri deyirdi, evdə körpə uşağım var, biri deyirdi ki, əməliyyat olunmuşam və mən daha rahat ortamda olmalıyam. Digəri psixoloji əziyyət çəkirdi və s.

- Maraqlıdır, karantin dövründə darıxmamaq, vaxtını səmərəli keçirmək üçün nə edirdin?

- Xoşbəxtlikdən, kompüterim yanımda idi. Əməkdaşlıq etdiyim saytlara yazılar yazırdım. Kitablarım üzərində işləyirdim. Film, seriala baxırdım. Amma bunlar adamı yorurdu. Çünki az qala 20 saat telefon və bilgisayarla olurdum. Bu da gözün və barmaqların ağrımasına səbəb olurdu. Kitablarım yanımda vardı, amma açığı, mütaliə edə bilmədim.

- Karantində olmaq, yəqin ki, ətraf aləmdən təcrid olmaq demək deyil. Ailənlə, dostlarınla ünsiyyət saxlamaqda problem yox idi ki?

- Telefonumuz özümüzdə olduğu üçün istər zəng, istərsə də sosial media vasitəsilə ailə və dostlarımızla müntəzəm əlaqədə olurduq. Açığı Wi-Fi olmasaydı, 15 gün 15 ay kimi keçərdi.

- Dilqəm, sən qardaş ölkədə təhsil alırdın. Türkiyə ilə müqayisədə Azərbaycanda koronavirusa görə sosial izolyasiya tədbirləri nə ilə fərqlənir? Bu gün ölkəmizdə hər kəs evdə qalmağa üstünlük verir. Yəqin ki, karantin başa çatsa da, sən də evdə qalmağa üstünlük verəcəksən.

- Açığı, mən də İstanbulda vəziyyətin ağırlığını və Türkiyə vətəndaşlarının qaydalara əməl etmədiyini görüb qorxdum. Böyük şəhərdir, yanvardan etibarən giriş çox olub. Bir də insanlar məsələyə ilahi təqdir kimi yanaşdıqları üçün çox təhlükəli idi. Məsələn, məscidlər qapansa da, buna etiraz edənlər tapılırdı. Masonların oyunudur deyənlər olurdu. Bu baxımdan Azərbaycan daha etibarlı idi. Çünki bizdə vaxtında sərhəd və məktəblər bağlandı, qəti qərarlar verildi.

© Photo : Courtesy of Dilqam AhmadDilqəm Əhməd
Karantindən evinə buraxılan tələbə: Ən azından buna vicdan yol verməzdi - Sputnik Azərbaycan
Dilqəm Əhməd

- Nəhayət, koronavirus təhlükəsi bitdikdən sonra ilk gedəcəyin ünvan hara olacaq?

- Hazırda qaydalara əməl edib evdəyəm. Evdən fəaliyyət göstərəcəyəm. Mənim zəngin kitabxanam və arxivim var. Elə bu günləri düşünüb vaxtında xeyli material yığmışam. Karantin 5 il də davam etsə, məndəki material bitməz. İndi ailəmin yanında olduğum üçün, yəqin ki, ilk olaraq yaxın dostlarımla açıq havada çay içəcəyəm.

- Karantin qaydalarına əməl etməkdən yayınan insanlara nə deyərdin?

- Biz Vətənə başqa ölkədən gəldiyimiz üçün potensial təhlükə ola bilərik. Bu baxımdan başda yaxınlarımız olmaqla, digər vətəndaşlarımızı qorumaq üçün karantin rejimi şərt idi və buna etiraz etməmək lazımdır. Çünki həkimlərin dediklərindən öyrənirik ki, virusa yoluxanlarda simptomlar özünü göstərməyə bilir və şəxs özünü sağlam hesab edir. Amma onun özünə bir şey olmasa da, gün ərzində 30 adamı yoluxdurma ehtimalına görə karantinə alınması vacibdir. Bu baxımdan vacib olmadıqca, insanların evdə qalması lazımdır. Zəruri hallara zatən sms-lə icazə verilir. Sağ olsun, vətəndaşlarımız da ehtiyaclı ailələr üçün kampaniyalar başladıblar. Ümid edirəm ki, dövlət və millət olaraq bu ümumi bəladan az itkiylə xilas olarıq. Çünki biz birlikdə güclüyük!

Xəbər lenti
0