BAKI, 6 aprel — Sputnik. Türkiyədə koronavirusa qarşı peyvəndin heyvanlar üzərində sınağı uğurla başa çatıb və növbəti mərhələdə alimlər peyvəndi insanlar üzərində sınaqdan keçirməyi planlaşdırırlar. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Hacettepe Universitetinin tibb fakültəsinin professoru Ateş Kara öz "Twitter" səhifəsində bildirib.
"Yaxşı xəbər. Koronavirusun hüceyrəyə bağlanmasını təmin edən qismini kiçik bir lent üzərindəki mikro-iynələr vasitəsi ilə immunitet sisteminə yeridərək bədəndə qoruyucu antitelləri yaratmaq üçün nəzərdə tutulmuş peyvənd heyvanlarda antitel reaksiyası verib. İndi isə onun (insanları – red.) xəstəlikdən qoruyub-qorumayacağını öyrənmək vaxtıdır", - professor tvitində deyib.
— Ates Kara (@AtesAtesKara) April 5, 2020
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) martın 11-də yeni tip koronavirusun (SARS-CoV-2) səbəb olduğu COVID-19 xəstəliyinin yayılmasını pandemiya elan edib.
Bir qədər öncə Oksford Universiteti də COVID-19 vaksinini könüllülərin üzərində sınaqdan keçirəcəyini bildirib.