BAKI, 6 aprel — Sputnik. Azərbaycan Dövlət Akademik Musiqili Teatrı "Evdə qal!" kampaniyası çərçivəsində dünyanın müxtəlif ölkələrinin sənət adamları ilə birlikdə yeni layihəyə imza atıb.
Sputnik Azərbaycan xəbər verir ki, teatrın simfonik orkestrinin solisti, beynəlxalq müsabiqələr laureatı, istedadlı pianoçu Firuzə Nəcəflinin təşəbbüsü ilə ayrı-ayrı ölkələrdə yaşayan türk və ispan musiqiçilər virtual şəkildə bir araya gələrək maraqlı bir musiqi nömrəsi təqdim ediblər.
Qeyd edək ki, virtual konsertdə Firuzə ilə yanaşı, türkiyəli bəstəkar, pianoçu Sərhat Gündüz, bas gitaraçı Haşım Yılmaz, həmçinin ispaniyalı peşəkar zərb aləti ifaçısı Matias Menarages də iştirak ediblər. Onların birgə ifa etdiklərə "Love" adlanan bu kompozisiyanın bəstəkarı və aranjmançısı Sərhat Gündüzdür.
Məkanları fərqli, məramları eyni olan Azərbaycan, Türkiyə və İspaniya musiqiçiləri bu addımları ilə mədəniyyətlərin sərhədsizliyini bir daha nümayiş etdirərək dünyanın bu çətin pandemiya ilə üz-üzə qaldıgı bir vaxtda həmrəy olduqlarını, hər kəsə "evdə qalsaq da, ideya və arzularımızdan qalmırıq!" ismarıcını verməyə çalışıblar.