BAKI, 4 aprel — Sputnik. "Nazirlər Kabineti yanında Operativ Qərargahın ölkədə hərəkət məhdudiyyətinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək tətbiqi ilə bağlı qərarına əsasən, yalnız fərqlənmə nişanı olan taksi minik avtomobilləri ilə sərnişin daşınmasını təmin edən şəxslərin fəaliyyətinə icazə veriləcək".
Sputnik Azərbaycan bildirir ki, bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib.
Onun sözlərinə görə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşımalarını həyata keçirmək məqsədilə aprel ayında taksi fəaliyyəti üçün əsas icazə sənədi hesab edilən "Fərqlənmə Nişanı" təqdim olunan şəxslər (Bakı, Gəncə və Sumqayıt şəhərlərinin inzibati ərazisi üzrə taksi fəaliyyətinə nəzarət müvafiq digər qurumlar tərəfindən təmin edilir) xidmət göstərə bilərlər:
"Hazırda bununla bağlı Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən müvafiq qaydada həmin şəxslər haqqında məlumatların “icaze.e-gov.az” portalına daxil edilməsi üzrə işlər aparılmaqdadır", - deyə N.Allahyarova bildirib.