BAKI, 4 aprel — Sputnik. Əhalinin xüsusi həssas təbəqəsindən olan şəxslərin sosial müdafiəsi istiqamətində görüləcək tədbirlər məyyən edilib.
Sputnik Azərbaycan bildirir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi, “Koronavirus (COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların iqtisadiyyata, makroiqtisadi sabitliyə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə prezidentinin 19 mart 2020-ci il 19 mart tarixli sərəncamının icrası ilə bağlı Tədbirlər Planında öz əksini tapıb.
Sənədə görə, sosial sığorta haqlarının azalması şəraitində kəsirinin bağlanması və əhaliyə sosial ödənişlərin (pensiya və müavinətlər) davamlılığının təmin edilməsi məqsədilə 2020-ci ilin aprel-dekabr ayları müddətində Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə yaranmış 200 milyon manat ehtiyatının istifadə olunacaq.
Ünvanlı dövlət sosial yardımı xüsusi karantin rejimi dövründə bitən ailələrə (şəxslərə) yardımın verilməsinin xüsusi karantin rejimi bitənədək davam etdirilməsi və bu dövrdə ünvanlı dövlət sosial yardımının təyinatının sadələşdirilməsi üçün aprel may-aylarında DSMF-dən (ƏƏSMN) 3 milyon manat cəlb olunacaq.
Aprel-may aylarında yaşı 65-dən yuxarı tənha şəxslərə evlərində sosial xidmətlər və xüsusi qayğıya ehtiyacı olan şəxslərə sosial xidmət müəssisələrində xidmət göstəriləcək. Xidmətlər 14 min nəfəri əhatə edəcək.
Eləcə də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödənilməsi üçün 2020-ci il ərzində 40 milyon manat ayrılıb.
Əhaliyə güzəştli işıq limiti aprel-may aylarında 100 kvts. həcmində artırılacaq. Sənədə əsasən, bu məqsədlə 10 milyon manat ayrılıb.