Nigar İsgəndərova, Şahpəri Abbasova, Sputnik Azərbaycan
BAKI, 4 aprel - Sputnik. Uşağının ana südü ilə bəsləyə bilməyib, süni qidalardan imtina edənlər çox zaman keçi südünün axtarışına çıxırlar. Çünki tərkibinə görə ana südünə daha yaxındır. Ancaq belə getsə, keçi südü də qəhətə çıxacaq: son 10 ildə ölkədə keçilərin sayında azalmalar qeydə alınıb.
Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, 2019-cu il oktyabrın 1-i vəziyyətinə görə, ölkə üzrə 2 milyon 669,4 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 284,0 min baş inək və camış, 8 milyon 451,9 min baş qoyun və keçi, 6 min 479 baş donuz qeyd alınıb.
Dövlət Statistika Komitəsinin yaydığı məlumatda son 10 ildə yalnız 2013-cü ildə keçilərin sayında artım olduğu qeyd olunub. Maraqlıdır, keçilərin sayındakı azalmalara səbəb nədir və bunun yerli təsərrüfata vura biləcəyi ziyan nədən ibarətdir?
Öncə paytaxta yaxın ərazilərdə keçiçilik təsərrüfatında olan vəziyyəti öyrənməyə çalışdıq. Sumqayıtda yaşayan Pərvin Məmmədovun təsərrüfatı 30 cins heyvandan ibarətdir: "Artıq bir-iki ildir ki, keçiçilik təsərrüfatı ilə məşğulam. Heyvanlarımın 15-i ana keçidir. Təsərrüfatımda müxtəlif cins keçilər var, onlar arasında Saanin cinsi üstünlük təşkil edir. Bu cinsdən olan heyvanlar digərləri ilə müqayisədə daha məhsuldardır və saxlanma şəraitinə görə də sərfəlidir".
"Təsərrüfatımda yerli cins heyvan yoxdur. Bunun da səbəbi Sumqayıtda otlaq sahələrinin olmaması ilə əlaqədardır. Yəni təzə ot olmayan ərazidə yerli heyvanların məhsuldarlığı alınma keçilərlə müqayisədə daha az olur. O heyvanları qapalı şəraitdə saxlayıb yemləməklə heç bir məhsuldarlıq əldə etmək mümkün deyil. Təbii ki, bu zaman fermer ziyana düşür", - deyə o əlavə edir.
P.Məmmədovun sözlərinə görə, yerli keçilər kimi cins heyvanlar da ümumilikdə orta hesabla ildə iki dəfə bala verə bilirlər. Xaricdən gətirilən keçilər ağartı baxımından daha sərfəlidir: "Hazırda təsərrüfatımda olan heyvanlar günlük olaraq 2 litr, 2 litr yarım süd verə bilir".
O, digər heyvan ətləri ilə müqayisədə keçi ətinə tələbatın o qədər yüksək olmadığını söyləyir.
Təsərrüfat başçısı deyir ki, bu növ keçilərin qiyməti yerli növlərlə müqayisədə daha yüksəkdir: "Saanin sortu olan bir keçinin qiymətinə 4 yerli sort keçi almaq mümkündür".
O deyir ki, Azərbaycanda keçiçilik çoxdan yayılsa da, keçi südünün istehlakı ilə bağlı rəqəmlər bir o qədər ürəkaçan deyil: "Keçi südü faydalılığına görə ana südünə yaxındır. Hazırda biz keçini ağartı əldə etmək məqsədi ilə saxlayırıq. Bu heyvanın əti və südü ilə müqayisədə pendirinin satışında nisbətən müsbətə doğru irəliləyiş var".
"Yalnız məcburiyyət qarşısında qalanda bu heyvanı ət kimi satırıq. Çünki ətlik məqsədi üçün heyvanın dəyəri xərclənən məbləğlə üst-üstə düşmür. Həm öz qiyməti, həm yemi bahadır. Üstəlik, bu heyvanlar qapalı şəraitdə saxlanılırlar", - deyə o əlavə edib. P.Məmmədov deyir ki, keçi ətinin qiyməti 11-13 manat arasında dəyişilir.
Qazanca gəldikdə isə həmsöhbətimiz hələlik elə bir gəlir əldə etmədiyini söyləyir: "Hazırda bu təsərrüfatdan aylıq gəlirim yoxdur. Çünki heyvanlar növbəti aylarda bala verəcəklər. Balavermə mərhələsindən sonra məhsuldarlığın olacağı gözlənilir".
"Ən önəmli məsələ satışdır. Satış olmayanda axsama yaranır, maliyyə sıxıntısı ilə təsərrüfatı saxlamaq, idarə etmək mümkün olmur. Qazanc əldə etmək üçün təsərrüfatı daha da genişləndirmək lazımdır. Təbii ki, bu da zaman tələb edir", - deyə o əlavə edir.
Həmsöhbətimiz deyir ki, təsərrüfatın inkişafı üçün onlara əllərindəki məhsulu satmağa yerlər ayrılmalıdır: "Terminallar yaradılmalıdır ki, fermerlər məhsullarını oraya təhvil verə bilsinlər. Bundan başqa, təsərrüfatı genişləndirmək üçün fermerə kredit verilməlidir. Kredit də güzəştli olmalıdır ki, biz buna görə ziyana düşməyək, gəlir əldə edərək təsərrüfatımızı genişləndirək".
Bakıda keçiçilik təsərrüfatı ilə məşğul olan Rəhman Əhmədov isə yemlərin qiymətindən şikayətçidir: "Ölkəyə cins heyvan gətirtmək asandır. Lakin yemlərin baha olması heyvanların sayının artırılmasına mane olur. Həm də Bakı kimi bir şəhərdə bu yemlərin ucuz olması vacib amildir. Çünki bura rayon yeri deyil deyə otlaq sahələri tapmaq çətindir. Bu zaman təsərrüfat rəhbəri yem almaq məcburiyyətində qalır".
O da keçiləri ancaq ağartı əldə etmək üçün saxlayır: "Yerli heyvanların südü az olduğu üçün onları saxlamırıq. Yerli heyvan gündəlik 300-400 ml süd verirsə, cins heyvan 3-5 litr südvermə imkanına sahibdir".
Bu heyvanların daha çox Rusiyadan idxal olunduğuna diqqət çəkən təsərrüfat rəhbərinin sözlərinə görə, onların birinin alış qiyməti 450 manat civarındadır. O deyir ki, aldıqları heyvanlar südlük olduğu üçün erkək olanları yalnız damazlıq məqsədi ilə saxlayırlar: "Lakin kəsimə çox üstünlük vermirik. Yaşlı heyvanın ətini kolbasa sexinə veririk. Çəpişi kəsəndə isə ətini satırıq. Ətinin kilosu 12-15 manat arasında dəyişilir. Lakin bu cür satışlar nadir həyata keçirilir. İldə bir-iki baş heyvan ətlik məqsədlə satılır".
"Dərisini isə bəzi sexlərə veririk. Məsələn, qaval düzəltmək üçün keçi dərisinə ehtiyac olur. Ya da bəzən dərisini qəssaba pay kimi bağışlayırıq", - deyə o əlavə edib.
R.Əhmədov qazanclar haqda danışarkən bildirib ki, bütün xərcləri çıxmaqla 10 keçidən orta aylıq qazanc 250-300 manat arası təşkil edir. Hər heyvan üçün gündəlik xərc isə 50-60 qəpikdir: "Yayda aldığımız otun 1 bağlamasının qiyməti 2-3 manat arasında dəyişilirdisə, hazırda bu qiymət 5-6 manat civarındadır".
Həmsöhbətimiz deyir ki, bu heyvanlar arasında xəstəlik və ölüm hallarının qarşısını almaq üçün baytarların vaxtaşırı olaraq heyvanları yoxlamasına nəzarət etmək lazımdır.
Sputnik Azərbaycan-a danışan Şamxal Babayevin də təsərrüfatında 30 baş keçi var, bunun 20-si anadır. Onun təsərrüfatı Maştağada yerləşir.
Həmsöhbətimiz deyir ki, təsərrüfat üçün çəkdiyi xərclər çıxıldıqda onun illik qazancı 6-7 min manat arasında dəyişilir: "Aylıq gəlirim təxminən 600 manat civarındadır. Bu işi görmək üçün gərək həvəs olsun. Həvəs olanda əziyyət gözə görünmür. Amma sırf pul qazanmaq hesabına belə bir təsərrüfatı qurmaq çox çətindir".
Onun sözlərinə görə, xüsusən də qış aylarında keçi südünə tələbat böyük olur. Lakin isti aylarda bu tələbat sıfıra enir: "Südü ilə yanaşı, keçinin pendirinə də tələbat böyükdür. İlin hansı fəsli olmasından asılı olmayaraq keçi pendiri çox satılır. Dərisini isə məcburiyyət qarşısında qalaraq tullayırıq".
Qax rayonu Sovet dönəmində keçiçiliyin daha çox inkişaf etdiyi bölgələrdən biri olub. Mövzu ilə bağlı sözügedən rayonun fermerlərinin də fikirlərini öyrəndik. Qax rayon Qaysarlı kənd sakini Kamil Həşimov deyir ki, bir çəpiş yüz qoyunu idarə edə bilir: "Oğlum uşaqlıqda keçini sevdiyinə görə ona bir çəpiş aldım. Di gəl ki, bu çəpiş digər qoyunlara rəhbərlik edirdi. Bilirsiz ki, keçi bir yerdə dayanan heyvan deyil, dağa-daşa qalxır. Ölməz şairimiz Abdulla Şaiq uşaqlar üçün yazdığı, hər birimizin əzbər bildiyi şeirdə bu heyvanın nə qədər qəliz olduğunu çatdırıb. Bir keçi 100 qoyunu öz arxasınca aparırdı. Nəticədə qoyunlar da keçi ilə bərabər itirdilər. Ona görə də mən həmin heyvanı satmaq məcburiyyətində qaldım”.
Rayonun İbaxlı kəndində bəzi sakinlər hələ də keçi saxlayırlar. Kənd sakini Rəşid Qaçayev bildirir ki, 1 keçini saxlamaq 100 baş qoyunu saxlamaqdan daha çətindir: “Doğrudur, keçinin əti, südü faydalıdır. Amma çox qəliz heyvandır. Həmişə sürüdən ayrı düşür. Kökəltmək də olmur. Çünki olduqca dəcəldir, çox hərəkət etdiyindən kökəlmir. Son illər artımı da azdır. Mən ailəmiz üçün saxlayıram, satış üçün nəzərdə tutmamışam”.
Barəsində danışdığımız kəndin digər sakini Novruz Əhmədov da əvvəllər keçiçiliklə məşğul olub, lakin örüş yerləri olmadığından keçilərini satmaq məcburiyyətində qalıb: “Əvvəllər meşələrdə otara bilirdik, örüş yerlərimiz də var idi. Torpaqlar əhaliyə paylanıldıqdan sonra örüş yerləri də olmadı. Keçi də gəzməyi sevir. Qoyun sakit heyvan olduğundan onu saxlamaq mümkündür, lakin bu, keçi üçün keçərli deyil”.
Son olaraq isə yaranan vəziyyət haqda iqtisadçı-ekspert Natiq Cəfərli Sputnik Azərbaycan-a açıqlamasında şərh verib. O bildirib ki, son illərdə iri və xırdabuynuzlu heyvanların artımı ilə bağlı ciddi problemlər müşahidə edilir ki, bunun da əsas səbəbi yem bazasının zəifləməsi ilə izah olunur: “2015-ci ildən etibarən ölkə ərazisində texniki bitkilərin səpininin artması otlaq sahələrinin texniki bitkiləri üçün ayrılması ilə nəticələndi. Yem bazasının zəifləməsi, azalması xırdabuynuzlu və iribuynuzlu mal-qaranın sayında müəyyən problemlər yaratdı. Bundan başqa, biz yemin bahalaşması tendensiyasını da müşahidə edirik".
"Bu səbəbdən də fermerlər və iş adamlarının keçiçilik təsərrüfatı ilə məşğul olmağa marağı azalıb. Marağın azalması, müəyyən problemlərin olması isə bu heyvanların sayında dinamikanın aşağı düşməsi ilə nəticələnir. Bütün bunların nəticəsi kimi son illərdə ölkəyə idxal olunan ətin miqdarında iki dəfəyədək artım qeydə alınıb", - deyə o əlavə edib.