BAKI, 3 aprel — Sputnik. Dünyada koronavirusa yoluxanların sayı artıq 1 milyondan çoxdur.
Sputnik Azərbaycan bildirir ki, bu barədə ABŞ-ın Cons Hopkins Universiteti məlumat yayıb.
Məlumata görə, SARS-CoV-2 koronavirusunun törətdiyi COVID-19 xəstəliyindən ölənlərin sayı artıq 51.5 min nəfərə çatıb.
Universitet statistikanı rəsmi mənbələr və KİV-lərin məlumatı əsasında hesablayır.
Ümumdünya Səhiyyə Təşkilatı isə öz növbəsində xəstələnənlərin sayının 900 min, ölənlərin isə 46 min olduğunu bəyan edib.
SARS-CoV-2 koronavirusu ötən ilin dekabrından Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda dünyanın 180 ölkəsində insanlar bu virusa yoluxublar. ÜST koronavirus epidemiyasını martın 11-də pandemiya elan edib. Bu günədək 208 minədək insanın sağaldığı bildirilir.