Sağlam qidalanma insanın xəstəliklərə qarşı müqavimətini yüksəldir. Gündəlik qida rasionu balanslaşdırılmalı, zülal, karbohidrat və yağlarla zəngin olmalıdır. Ət və ət məhsulları orqanizmin hüceyrə strukturunun formalaşmasında mühüm rol oynayır, zülallara olan əsas tələbatı ödəyir. Lakin ət məhsullarının emalı və satışı zamanı sanitariya qaydalarına əməl edilməməsi istehlakçıların sağlamlığına təhlükə yaradır.
Heyvan əti əlverişsiz şəraitdə kəsildikdə, saxlanıldıqda insanda brusellyoz, vərəm, Sibir xorası, ensefalopatiya, exinokokkoz, zoonoz və s. kimi xəstəliklərin yaranmasına səbəb olur. Bu da öz növbəsində, immunitet sisteminin zəifləməsinə, həyati orqanların xroniki xəstəliklərinin ağırlaşmasına və inkişafına gətirib çıxara bilər.
Son aylarda dünyada, eləcə də ölkəmizdə COVİD-19 xəstəliyinə yoluxma halları sürətlə artmaqdadır. İmmuniteti zəifləmiş, ağciyər, ürək-damar sistemi, böyrək çatışmazlığı və digər xroniki xəstəlikləri olan insanlarda koronavirusa yoluxma riski tam sağlam insanlardan daha yüksəkdir.
Buna görə də COVİD-19 və digər xəstəliklərə yoluxmanın qarşısını almaq üçün istehlakçılar ət məhsullarını satın aldıqda diqqətli olmalıdırlar.
Siz Sputnik Azərbaycan-ın hazırladığı infoqrafikada ətdən istifadə edərkən qorxunc xəstəliklərə yoluxmamaq üçün zəruri olan şərt və tövsiyələrlə ətraflı tanış ola bilərsiz.