BAKI, 3 aprel — Sputnik. Ölkəmizdə internetdən və mobil telefondan istifadə yüksək səviyyədədir. Biz bu günlərdə izləyirik ki, əhalimiz evdə oturaraq bu vasitələrdən bəhrələnir, günlərinin keçirilməsi üçün bu vasitələrdən istifadə edirlər, çünki trafikdə müəyyən artım var. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə deyib:
"O cümlədən, Azərbaycan əhalisinin təxminən 60-70 faizi smartfonlardan istifadə edir. Ümumilikdə götürəndə isə əhalimizin hər 100 nəfərinə 106 mobil telefon düşür. Bütün bunlar onu göstərir ki, xüsusi karantin rejimi dövründə yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə nəzərdə tutulmuş 8103 xidməti hər kəs üçün əlçatan olacaq".
Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Belə ki, aprelin 5-dən Azərbaycanda vətəndaşlar yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS məlumat göndərəcəklər.