BAKI, 3 aprel — Sputnik. "icaze.e-gov.az sistemində icazənin başlanma və bitmə vaxtı qeyd olunur. Burada eyni zamanda vətəndaşın nəqliyyat vasitəsi haqda məlumatlar da qeyd olunur. Bütün məlumatlar daxil olduqdan sonra işçinin icazəsinin alınması üçün müraciət edilməsi üçün "təsdiq" düyməsinə basılır. "Təsdiq" düyməsi basıldıqdan sonra məlumatlar Daxili İşlər Nazirliyinin sisteminə ötürülür". Sputnik Azərbaycan xəbər verir ki, bu barədə bu gün evdən çıxma qaydalarının təmin edilməsi sisteminin təqdimatına həsr olunmuş mətbuat konfransında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov məlumat verib
Onun sözlərinə görə, məlumat təsdiqləndikdən sonra həmin məlumatlar üzərində heç bir düzəliş həyata keçritmək mümkün olmur. "Burada qeydiyyatdan keçən şəxslər yalnız iş və vəzifə fəaliyyətləri ilə bağlı məhdudiyyət aradan qaldırılır. Lakin digər şəxsi məsələlərlə bağlı onlar evlərini tərk etmək məcburiyyətində qalırlarsa, bu zaman digər vətəndaşlar kimi müraciət edərək sms göndərməli, icazə almalıdırlar".
Qeyd edək ki, bu gün fəaliyyətə başlayan icaze.e-gov.az portalında sistem SMS bildiriş vasitəsilə işləyir. Bunun üçün 3 kateqoriyaya uyğun olaraq 8103-ə SMS göndərilməlidir. SMS məlumatın mətnində aşağıdakı 1,2 yaxud da 3 indeksini yazmaqla şəxsiyyəti təsdiq edən məlumat qeyd edilməlidir:
1 rəqəmi təxirəsalınmaz tibbi zərurətlə və ya qrafik üzrə müalicə almaqla əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə rayon və şəhər daxilində 2 saat müddətinə verilir, rayonlar və şəhərlərarası hərəkət zərurəti yarandıqda olduğu ünvanla getməli olduğu ünvan arasında məsafə və müalicə prosedurunun müddəti nəzərə alınır, geri qayıtma müddəti həkim tərəfindən verilən arayışla müəyyən edilir və zərurət olduqda polis əməkdaşlarına təqdim edilir);
2 rəqəmi - ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, bank və poçt xidmətlərindən istifadə edilməsi zərurəti ilə əlaqədar yaşayış yerini tərk etmək üçün (icazə 2 saat müddətinə gündə 1 dəfə verilir);
3 rəqəmi - yaxın qohumunun dəfnində iştirakla əlaqədar yaşayış yerini tərk etmək üçün.
Şəxsiyyəti təsdiq edən məlumatlar aşağıdakılardır:
Azərbaycan Respublikasının vətəndaşları üçün – şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi (məsələn, AZE11111111),
Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşayan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsinin seriyası və nömrəsi (MYİ (DYİ)1111111),
Azərbaycan Respublikası ərazisində müvəqqəti olma müddəti uzadılmış əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər üçün – müvəqqəti olma müddətinin uzadılması barədə qərarın seriyası və nömrəsi (MOM1111111).