BAKI, 3 aprel — Sputnik. AZAL aviaşirkəti tərəfindən aprelin 3-də İstanbuldan Bakıya çarter reysi yerinə yetirilib. Sputnik Azərbaycan AZAL-ın məlumatına istinadla xəbər verir ki, həmin reyslə Bakıya 106 nəfər Azərbaycan vətəndaşı çatdırılıb.
Eyni zamanda, bu gün səhər saatlarında "Azərbaycan Hava Yolları" aviaşirkətinin təyyarəsi ilə 69 sərnişinlə Londondan Bakıya reys həyata keçirilib.⠀
Bundan əlavə, dünən axşam Moskva şəhərindən (Vnukovo hava limanı) uçuş yerinə yetirən AZAL aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna enib. Təyyarədə 123 sərnişin olub.
Azərbaycana gələn bütün sərnişinlər mütləq qaydada karantinə yerləşdirilib.
AZAL bir daha vətəndaşları ciddi zərurət olmadan evdən çıxmamağa və uçuşlar həyata keçirməməyə çağırır. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə riayət etmək hər birimizin borcudur.