Nigar İsgəndərova, Sputnik Azərbaycan
BAKI, 2 aprel — Sputnik. Azərbaycanda steril əlcəklərin qiyməti qalxıb. Sputnik Azərbaycan apardığı sorğu nəticəsində bu qənaətə gəlib. Apteklərdən bildirilib ki, öncələr ağ rəngli steril əlcəklər 7 manat 30 qəpik idisə, hazırda 9 manat 80 qəpikdir. Qara rəngdə olan steril əlcəklərin qiyməti isə 8 manatdan 12 manatadək qalxıb. Yaranan bu durum əczaçıları da narahat edir: "Qiymətlər kifayət qədər qalxıb. Bu bizdən asılı olan bir səbəb deyil, bizə də baha gətirirlər".
Aptekdən bildirilib ki, ağ rəngli steril əlcəklərlə müqayisədə qara rəngli steril əlcəklərə daha çox tələbat var. Qiymətlər arasındakı fərq isə qara rəngli əlcəyin daha dözümlü olması, həm də heç bir allergik reaksiya verməməsi ilə izah olunur.
— Jennifer Beals (@jenniferbeals) March 24, 2020
Bəs, həqiqətən də bu əlcəklər təhlükəsizdirmi?
Həkim Vasif İsmayılov Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Məlum pandemiya ilə əlaqədar olaraq müəyyən qrup insanların əlcəkdən istifadə etdiyini görürəm. İndiyə qədər mənim əlcək haqqında bir fikir bildirdiyimə şahid olmamısınız. Çünki əlcək istifadəsi bir mədəniyyətdir - necə ki silah mədəniyyəti var - və bu məlumatları bilmədən, mədəniyyətinə uyğun davranmayanda əlcəklər qoruma yerinə zərər verə bilər. Öncə onu deyim ki, əlcəklərin üstündə virus daha yaxşı yaşayır. Bunu yaxşı yadda saxlamaq lazımdır. Digər bir məsələ isə ondan ibarətdir ki, əlcəklər təbabətin qaydasına görə ancaq iş sahəsinə toxunmaq üçündür".
"Əlcəklər ətrafda kirli sayılan sahələrdən mikrob keçməsini önləmək üçün istifadə edilir. Lakin siz əlcəkləri taxıb pula, yaxud da avtobusdakı tutacağa toxunsanız, əlcəklər kirlənəcək. Kirli əlcəklə isə siz özünüzün, yaxud da başqasının əşyasına toxuna bilməzsiniz. Bundan başqa, qeyd edim ki, əlcək çıxarma qaydasına riayət etmək də çox önəmlidir", - deyə o əlavə edib.