BAKI, 2 aprel — Sputnik. Dünyanın əksər ölkələrində geniş yayılan koronavirusun nə zaman sona çatacağı, hansı şəraitdə məhv olacağı ilə bağlı bir çox fikirlər səsləndirilsə də, onların bəziləri təsdiqini tapmadı. Belə ki, ötən ilin noyabrından etibarən ilk dəfə olaraq Çində aşkarlanan bu virusun yüksək temperaturda məhv olacağı söylənildi. Bu səbəbdən də bir çox ölkələrdə belə bir ümid yarandı ki, koronavirus yayda məhv olacaq. Lakin virusun Səudiyyə Ərəbistanı kimi isti ölkələrdə yayılması, ölümə səbəb olması bu mifləri də alt-üst etdi. Eyni zamanda, soyuq hava şəraiti və qarın da bu virusu məhv edə biləcəyi deyildi, lakin bu fikirlər də təsdiqini tapmadı.
Havaların getdikcə istiləşməsi koronavirusun yayılma təhlükəsi ilə bağlı daha bir narahatlığa səbəb olub. Belə ki, hava qızdıqca, yay aylarında qənimimizə çevrilən ağcaqanadları da həyatımıza qaytarır. Ağcaqanadlar isə bəzi yolxucu xəstəliklərin, məsələn, malyariya kimi ağır xəstəliyin daşıyıcısı sayılırlar. İnsanlar arasında da məhz bu səbəbdən ağcaqanadların koronavirusu da yaya biləcəyi ilə bağlı şayiələr yayılır.
Bəs ağcaqanad koronavirus xəstəliyinin genişlənməsinə səbəb ola bilərmi?
Respublikanın baş infeksionisti Cəlal İsayev Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb: "Ağcaqanadın koronavirusu yaya biləcəyi ilə bağlı deyilən fikirlər yanlışdır. Ağcaqanad vasitəsilə koronavirus keçə bilməz. Bu fikirlər tamamilə əsassızdır".
Azərbaycanlı mütəxəssisin fikri Ümumdünya Səhiyyə Təşkilatının bu istiqamətdə araşdırması ilə üst-üstə düşür. Belə ki, hər il yarım milyondan artıq insan ağcaqanad sancması ilə yaranan müxtəlif xəstəliklərdən dünyasını dəyişsə də, ÜST-nin bəyanatında bildirilir ki, yeni koronavirusun ağcaqanad sancması ilə keçməsi haqda heç bir sübut və əsas yoxdur: "Yeni koronavirus tənəffüs yolu ilə keçə bilən bir xəstəlikdir. Bundan qorunmaq üçün əlləri tez-tez sabunlamaq və spirtləmək, xəstə olan şəxslərdən uzaq qalmaq tövsiyə olunur".
ÜST bəyan edir ki, malyariya, zika virusunun yayılmasında başlıca rola sahib olan ağcaqanadların QİÇS, Ebola, SARS, o cümlədən də COVID-19-u yaya bilməsi ilə bağlı hər hansı bir sübut yoxdur.
Amerika Ağcaqanadlara Nəzarət Assosiasiyası da ağcaqanadlarda bu virusa qarşı immunitetin olduğunu bəyan edib: "Bir çox virusların yayılmasında önəmli rola malik olan ağcaqanadların koronavirusu yaya biləcəyi ilə bağlı heç bir sübut yoxdur. Bundan başqa, virusun ağcaqanad vasitəsilə keçməsi üçün o ilk olaraq həmin həşəratın özündə çoxalmalı, onu da məhv etməlidir. Lakin qeyd edək ki, bu gün 200 minə yaxın amerikalını yoluxduran və 40 mindən artıq insanın ölümünə səbəb olan ağcaqanadda bu virusa qarşı immun sistemi var".
"Biz sadəcə olaraq virusdan qorunmaq üçün məsafə saxlamağı, steril əlcək geymək, maska taxmağı tövsiyə edirik", - deyə assosasiyanın məlumatında bildirilib.